Bəzən pul qazanmaq istəyirik, amma haradan başlamaq lazım olduğunu bilmədiyimiz üçün sadəcə gözləyirik. Kimsə deyir “səhm al”, başqası deyir “ETF daha yaxşıdır”, başqa biri isə “bazarda risk çoxdur!” deyib xəbərdarlıq edir. Amma əslində hər şey o qədər də çətin deyil. Sadəcə düzgün yerdən başlamaq lazımdır.
Əvvəlcə sadə və doğru olanı anlayaq.
Səhm bazarı – yəni stock market – bir şirkətin kiçik hissəsini almaqdır. Sən bir Apple səhmi alırsansa, deməli o şirkətin bir parçasını alırsan. Kiçik, amma real bir hissəsi. Və bu hissə böyüyəndə sən də qazanc əldə edirsən. Amma… unutma, bu yol dağlıq yoldur. Təkcə qalxmaq yox, enmək də olur. Ona görə də ilk addımda sabitlik, sadəlik və şaxələndirmə ən yaxın dostların olmalıdır ki, gözün qorxmasın.
Mənə görə yeni başlayanlar üçün ən vacib qaydalar:
Sabit şirkətlərlə başla (blue-chip) – uzun illərdir fəaliyyət göstərən, dünyada tanınan və maliyyə baxımından güclü şirkətlər.
Diversifikasiya et (şaxələndir) – bütün yumurtaları bir səbətə qoyma. Fərqli sahələrdən səhmlər və ya ETF-lər al.
Az məbləğlə başla – hətta 10 $ ilə belə başlaya bilərsən.
Uzunmüddətli düşün – 1-2 həftəyə varlanmaq ideyasını unut. Səbirli olan qazanır.
Oxu, öyrən, tədqiq et – sərmayə savadsızlığı pul itkisinə aparır.
Əgər bir neçə səhmi ayrı-ayrı seçmək çətin gəlirsə, ETF-lərlə sadə başlanğıc et ki, bu işə elə başlayandan pul qazanmaq ehtimalın çox olsun və səhm ticarəti ilə məşğul olmağa həvəsin yaransın. Məsələn, aşağı risk və sabit gəliri olan bu 3 fonddan birini seçə bilərsən. Bu fondlar çoxlu səhmi tək səbətdə toplayır:
VOO – ABŞ-ın ən böyük 500 şirkətini əhatə edir.
VTI – ABŞ-ın bütün səhm bazarını təmsil edir.
QQQ – Texnologiya yönümlü ETF-dir. Bir az daha riskli, amma gəlir potensialı yüksəkdir.
Sabit səhmlərdən təcrübə qazandıqdan sonra bir az da böyümə potensialı olanlara baxa bilərsən:
Amazon (AMZN) – E-ticarət və bulud xidmətləri lideridir. Gələcək üçün böyük potensialı var.
Airbnb (ABNB) – Səyahət sevənlər üçün tanış brenddir. Böyüməkdə olan şirkətdir, amma bazar dəyişkənliyinə həssasdır.
PayPal (PYPL) – Rəqəmsal ödənişlər sahəsində öncül şirkətdir. Son illərdə qiyməti düşsə də, bərpa potensialı var.
Əgər indiki təcrübəmlə sənin yerində olsaydım və yeni başlasaydım, özümə 5 addımdan ibarət olan belə bir yol göstərərdim:
Addım: VOO və ya VTI ETF-lə başla – səbət şəklində səhm alırsan, daha təhlükəsizdir.
Addım: Apple və Coca-Cola kimi tanınmış şirkətlərdən az miqdarda səhmlər al.
Addım: Hər ay 10–50 dollar artıraraq davam et. Bu, "dollar-cost averaging" deyilən taktikadır.
Addım: Bazar xəbərlərini oxu, sadə maliyyə göstəricilərini öyrən və sərmayə haqqında araşdırmalar apar.
Addım: Səbirli ol. Qorxma, panikaya düşmə. Uduzmaq da öyrənməkdir.
Sonda bir dost məsləhəti
Pul qazanmaq gözəldir, amma itirmək də bu işin bir parçasıdır. Əsas odur ki, səhvlərdən dərs çıxarasan və öyrənməkdən qorxmayasan. Səhm bazarı – bu sənin öz gələcəyinə olan sərmayəndir. Bir dostun kimi deyirəm: kiçik başla, davamlı ol, öyrən və heç vaxt yaddan çıxarma – zaman sənin dostundur.
Salam, yazılarınız çox öyrədicidir öz növbəmdə təşəkkürümü bildirirəm sizə bunlar üçün. Özüm maliyyə ixtisasında 2ci kursu bitirmişəm düzdü investisiya və ya trading sahəsində şəxsi təcrübəm yoxdur amma çoxlu müşahidə və məlumata sahibəm. Buna əslində həm oxuduğum ixtisas, ətrafımdakı dostlarım və öz maraqlarım əsas verir. Həmçinin bu sahəyə marağım dəhşətli çoxdur və ən məntiqli gəlir mənbələrindən biri kimi görürəm. Lakin öz məntiqimə görə bu investisiyalar long term üzərində daha gəlirli olduğuna inanıram və günlük trade edənlərin çoxlu məbləğdə pul itirdiyinə şahidəm. Həm də bunun nə qədər insanda asılılıq yaratdığını görmüşəm özümündə belə şeyə marağım olmayıb, ona görə sadəcə uzunmüddətli investisiya mənə cəlb edici gəlir. Sadəcə Azərbaycanda müxtəlif bankların və onların hər biriniz demək olarki investment üçün tətbiqləri var və bunlar mənə nə güvənli, nə də sərfəli gəlir. Siz bu işlə məşğul olmaq üçün yerli yoxsa xarici vasitələrlə investisiya etməyin məntiqli olduğunu düşünürsüz?
Salam,
Teshekkur edirem meslehetiniz ucun.
Bashlayaq))