VIX 35 S&P 500 üçün alış siqnalıdır, yoxsa tələ?
Bazarda qorxu pik həddə olanda investor reaksiyaları
Son günlər qlobal maliyyə bazarlarında gərginlik yenidən artıb. İnvestorların diqqəti isə bazarın “qorxu barometri” hesab olunan VIX indeksinə yönəlib.
2026-cı ilin 9 mart tarixində VIX gün ərzində 35.3 səviyyəsinə qədər yüksəldi. Daha sonra günün ortasında S&P 500 indeksində baş verən dönüşdən sonra göstərici 25.5 səviyyəsində bağlandı. Bu hadisə Wall Street-də köhnə, lakin hələ də aktual olan bir sualı yenidən gündəmə gətirdi. VIX 35 səviyyəsinə çatanda almaq tarixən yaxşı strategiyadırmı?
Tarixi statistika nə göstərir?
Analitik Wayne Whaley tərəfindən aparılan və 1990-cı ildən bəri VIX məlumatlarına əsaslanan araşdırma bu sual üçün maraqlı nəticələr ortaya qoyur. Araşdırmada çox sadə 2 addımlıq bir strategiya test edilib.
VIX gün ərzində 35 səviyyəsini keçəndə S&P 500 indeksini almaq
Daha sonra VIX ilk dəfə 20-dən aşağı düşəndə indeksini satmaq
1990-cı ildən bəri belə vəziyyət 23 dəfə baş verib. Nəticə isə olduqca diqqət çəkicidir. Belə ki , 23 əməliyyatdan 22-si mənfəətlə nəticələnib və orta qazanc +7.58% olub. Orta gözləmə müddəti isə 78 ticarət günü (təxminən 3.7 ay) çəkib.Bu statistika “Panika pik həddə çatanda bazar çox vaxt dibə yaxın olur” psixologiyasını aydın göstərir
Qorxu indeksi və bazar psixologiyası
VIX indeksi çox vaxt “fear index” – qorxu indeksi kimi tanınır. Bu göstərici yüksəldikcə bazarda qeyri-müəyyənlik və panika artmış sayılır. İnvestorlar riskdən qaçmağa çalışır və səhmləri satmağa başlayır. Tarix göstərir ki, məhz belə anlarda kütləvi satışlar baş verir və qiymətlər sürətlə düşür. Lakin, qısa müddət sonra bərpa mərhələsi başlayır . Məşhur investor Warren Buffett bu bazar davranışına uyğun olaraq illər əvvəl “Başqaları qorxanda al, başqaları acgöz olanda sat” sözləri ilə öz münasibətini bildirmişdi. VIX 35 strategiyası da əslində bu ideyanın statistik təsdiqi kimi görünür.
Bear və Bull investorlar qarşı-qarşıya
Lakin bazarda hamı bu optimist statistikaya eyni cür yanaşmır. Ayı mövqeyində (Bear investorlar) olan investorlar yəni bazarda düşüş gözləyən investorlar forumlarda qəttiyətlə qeyd edir ki VIX 35 hər zaman son qorxu nöqtəsi demək deyil. Keçmiş böhranlarda VIX 50 və daha yüksək səviyyələrə qədər yüksəlib. Yəni VİX 35 olandan sonra bazar əvvəlcə 10-40% daha aşağı düşüb və yalnız bundan sonra yüksəliş başlayıb. Onların fikrincə, hazırkı makroiqtisadi risklər də bu senarini mümkün edir. Belə ki , neft qiymətlərinin 100 dolları keçmə ehtimalı, faiz dərəcələrinin uzun müddət yüksək qalması və qlobal iqtisadi qeyri-müəyyənliy bear investorları “ VIX 35 sadəcə bir dayanacaq ola bilər” fikirində saxlayır.
Digər tərəfdən bazarda yüksəliş gözləyən bull investorlar fərqli düşünür. Onların fikrincə bazar artıq ən pis xəbərlərin böyük hissəsini qiymətləndirib və hazırda bazar dibinin formalaşması mərhələsi gedir. Onlar xüsusilə bir faktı vurğulayırlar - S&P 500 indeksi hələ də 27 yanvar tarixindəki bağlanış minimumundan cəmi 4.96% uzaqdadır. Bull tərəfinə görə bu fakt bazarın gözlənildiyindən daha dayanıqlı olduğunu göstərir.
Strategiyanın ən maraqlı detalı
Araşdırmada diqqət çəkən başqa bir məqam da var. Analitik Whaley qeyd edir ki, əgər VIX 35 alış siqnalı bazarın əvvəlki maksimumundan 10% yaxınlıqda baş verirsə, tarixdəki ən böyük drawdown-ların əksəriyyətindən qaçmaq mümkün olub.
Bunun nə demək olduğun sadə izah etsək müəllif qeyd edir ki , VIX 35 siqnalı hər dəfə eyni dərəcədə təhlükəsiz deyil. Amma bir şərt var ki, bu siqnal daha təhlükəsiz olur. Şərt də odur ki , əgər bazar öz əvvəlki rekordundan (all-time high) çox uzağa getməyibsə . Yəni S&P 500 əvvəlki maksimumundan 10%-dən çox düşməyibsə və bu zaman VIX 35 olursa , onda tarixən bazar çox böyük əlavə düşüş etməyib, yəni böyük drawdown-lardan (məsələn −20%, −30%) çox vaxt qaçmaq mümkün olub.
Sadə misal:
Tutaq ki S&P maksimumu( All Time High) = 6000 $ olub və sonra 10% aşağı = 5400 $ düşüb. Əgər S&P 5400 ətrafında olanda VIX = 35 olubsa , onda tarix göstərir ki, bu vəziyyət çox vaxt yaxşı alış nöqtəsi olub və bazar bu nöqtədən daha çox aşağı düşməyib.
Amma əgər bazar artıq maksimumdan 30-40% düşmüş vəziyyətdədirsə və bunda sonra VIX = 35 ətrafinda olursa, bu hələ də dib demək olmaya bilər və ehtimal böyükdür ki bazar biraz da düşəcək.
Lakin bu yanaşma tənqidçilərin də diqqətindən yayınmayıb. Bear investorlar bunu “Cherry picking” (yəni yalnız öz işinə yarayan məlumatları seçmək) kimi qiymətləndiriblər. Bunun həqiqətən belə olub-olmadığını isə yalnız bazarın növbəti hərəkəti göstərəcək.
Tarixi fürsət, yoxsa bazar tələsi?
VIX 35 siqnalı hazırda investorları iki düşərgəyə bölüb. Bir tərəf hesab edir ki, bazar qorxunun pik nöqtəsinə çatıb və bunu uzunmüddətli investorlar üçün nadir alış fürsətlərindən biri kimi görür.
Digər tərəf isə düşünür ki , makroiqtisadi risklər hələ tam qiymətləndirilməyib və bazarın qarşısında hələ daha aşağı səviyyələr ola bilər.
Tarix isə indiyə qədər belə vəziyyətlərdə tez-tez eyni mesajı verib - Panika çox vaxt bazarın ən maraqlı alış nöqtələrini yaradır.
Lakin hər böhran və hər bazar dövrü özünəməxsus olur. İndi investorlar bir sualın cavabını gözləyirlər - Bu dəfə tarix yenidən təkrarlanacaq, yoxsa 2026 bazarları fərqli bir hekayə yazacaq?



