1. Gül soğanı ev qiymətinə - Lalə çılğınlığı (1637)
XVII əsrdə Hollandiya Avropanın ən varlı ölkələrindən biri idi. Osmanlı İmperiyasından gətirilən lalələr əvvəlcə sadəcə zənginlərin bağlarını bəzəyirdi, lakin tezliklə nadir və naxışlı növlər status simvoluna çevrildi. Burada vacib bir detal var - ticarət olunan çiçəyin özü deyil, lalə soğanı (Tulip bulb) idi. ( Lalə soğanı - torpağın altında qalan hissə soğana bənzədiyi üçün ona lalə soğanı deyilirdi və ondan yeni lalələr yetişirdi ) Bu soğanları əkib çoxaltmaq mümkün olduğuna görə onlar bir növ “toxum kapitalı” kimi əldən-ələ keçirdi. Bir müddət sonra insanlar lalə yetişdirmək üçün deyil, aldıqları soğanı sabah daha baha satmaq üçün bazara daxil olmağa başladılar. Meyxanalarda lalə üzrə fyuçers müqavilələri bağlanır, alıcılar bəzən aldıqları soğanı heç görmürdülər. Zirvə dövründə bir “Viceroy” soğanı 4.203 quldenə satılmışdı ki bu da, Amsterdamda kiçik bir evin qiymətinə yaxın idi, halbuki fəhlənin illik qazancı təxminən 300 qulden idi. Rəvayətə görə, bir dənizçi 2.500 qulden dəyərində lalə soğanını adi soğan bilib yemişdi. 1637-ci ilin fevralında bazarda alıcılar geri çəkilməyə başladı və qiymətlər kəskin şəkildə çökdü. Lalə çılğınlığı sonradan spekulyativ köpüklərin ən məşhur tarixi nümunələrindən birinə çevrildi. Aktivlər dəyişir, amma qiymət sürətlə qalxanda insanların “sabah daha baha sata bilərəm” düşüncəsi əsrlərdir dəyişmir.
2. Bir düyməlik səhv - yüz milyonlarla dollarlıq fəlakət (2005)
8 dekabr 2005-ci ildə Tokio birjasında Mizuho Securities-in treyderi yeni listinq olunan J-Com şirkətinin 1 səhmini 610.000 yenə satmaq istəyirdi. Lakin tələskənlik zamanı rəqəmləri tərsinə daxil etdi - 610.000 səhmi 1 yenə satışa qoydu. Problem isə bundan da böyük idi - şirkətin cəmi təxminən 14.500 səhmi mövcud idi. Belə absurd sifariş normalda sistem tərəfindən bloklanmalı idi, lakin həmin gün texniki problem səbəbindən Mizuho sifarişi dərhal ləğv edə bilmədi. Bu müddətdə digər treyderlər fürsətdən istifadə etməyə başladılar. Hadisə Mizuho-ya on milyardlarla yen zərər vurdu və tarixə ən məşhur “fat finger”( toppuş barmaq, kök barmaq) - yəni səhv məlumat daxil edilməsi nəticəsində yaranan treydinq hadisələrindən biri kimi düşdü. Hadisədən sonra birjalarda səhv sifarişlərin qarşısını alan nəzarət mexanizmlərinin əhəmiyyəti daha da artdı.
3. 45 dəqiqəyə 440 milyon dollar buxarlandı (2012)
1 avqust 2012-ci ildə ABŞ-ın ən böyük treydinq şirkətlərindən biri olan Knight Capital yeni proqram təminatını serverlərinə yerləşdirirdi. Yeniləmə 8 serverə quraşdırılmalı idi, lakin onlardan biri unuduldu. Həmin serverdə illər əvvəl istifadə edilmiş köhnə kod qalmışdı və yeni sistem işə salındıqda bu kod təsadüfən aktivləşdi. Nəticədə sistem nəzarətsiz şəkildə sifarişlər göndərməyə başladı. Cəmi 45 dəqiqə ərzində milyonlarla əməliyyat həyata keçirildi və Knight Capital təxminən 440 milyon dollar itirdi - orta hesabla dəqiqədə təxminən 10 milyon dollar. Şirkətin səhmləri kəskin ucuzlaşdı, təcili maliyyə dəstəyinə ehtiyac yarandı və bir ildən az müddət sonra şirkət rəqibinə satıldı. Bütün bunların başlanğıcında isə sadəcə bir serverin yenilənməməsi dayanırdı.
4. Bazar 36 dəqiqəyə təxminən 1 trilyon dollar itirib geri qaytardı (2010)
6 may 2010-cu ildə ABŞ bazarı onsuz da Avropadakı borc böhranına görə gərgin idi. Həmin gün böyük həcmli avtomatlaşdırılmış satış əmri bazara daxil oldu və yüksək tezlikli ticarət sistemlərinin reaksiyası vəziyyəti daha da sürətləndirdi. Dow Jones bir neçə dəqiqə ərzində təxminən 1.000 bənd gerilədi. Bəzi səhmlərdə isə tamamilə absurd qiymətlər yarandı. Təxminən 1 trilyon dollarlıq bazar dəyəri qısa müddət ərzində yoxa çıxdı, lakin bazar təxminən 36 dəqiqə sonra itkilərin böyük hissəsini geri qaytardı. Tarixə “Flash Crash” kimi düşən hadisə bazarlarda avtomatik ticarət sistemlərinin yarada biləcəyi riskləri göstərdi və sonradan kəskin hərəkətlər zamanı ticarəti müvəqqəti dayandıran “circuit breaker” mexanizmlərinin genişləndirilməsinə səbəb oldu.
5. Reddit və Wall Street - GameStop dastanı (2021)
2021-ci ilin yanvarında GameStop Wall Street tarixinin ən məşhur hadisələrindən birinin mərkəzinə çevrildi. Şirkətin səhmlərində short mövqelərin həcmi son dərəcə yüksək idi. Reddit-in r/WallStreetBets forumunda isə Keith Gill - “DeepFuckingValue” adı ilə tanınan investor - uzun müddətdir GameStop haqqında paylaşımlar edirdi. Pərakəndə investorların kütləvi alışları qiyməti sürətlə yüksəltdi. Qiymət qalxdıqca short mövqedə olan investorların bir hissəsi zərəri məhdudlaşdırmaq üçün səhmləri geri almağa məcbur oldu və bu da yüksəlişi daha da gücləndirdi. GameStop səhmi bir neçə həftə ərzində yüzlərlə dollara qədər yüksəldi. Melvin Capital kimi böyük fondlar ciddi zərər gördü, Robinhood-un müəyyən alışları məhdudlaşdırması isə ABŞ Konqresində dinləmələrə qədər gedib çıxdı. GameStop hadisəsi “meme stock” dövrünün simvollarından birinə çevrildi.
6. Bir saxta tvit bazardan milyardlarla dollar sildi (2013)
23 aprel 2013-cü ildə Associated Press-in rəsmi Twitter hesabı hakerlər tərəfindən ələ keçirildi və hesabdan Ağ Evdə partlayış baş verdiyi, prezident Barack Obamanın yaralandığı barədə saxta xəbər yayımlandı. Xəbərə avtomatik reaksiya verən treydinq sistemləri saniyələr ərzində satışa keçdi və ABŞ bazarında kəskin eniş başladı. Bir neçə dəqiqə ərzində S&P 500 şirkətlərinin bazar dəyərindən yüz milyard dollardan çox vəsait silindi. Ağ Ev Obamanın təhlükəsiz olduğunu açıqladıqdan və AP xəbərin saxta olduğunu təsdiqlədikdən sonra bazar sürətlə bərpa olundu. Hadisə müasir maliyyə bazarlarında alqoritmlərin yanlış xəbərə nə qədər sürətli reaksiya verə biləcəyini göstərən ən məşhur nümunələrdən biri oldu.
7 - Səhmləri oyuncaq siçanla seçən pişik peşəkarları qabaqladı (2012)
2012-ci ildə Britaniyanın The Observer qəzeti maraqlı bir təcrübə keçirdi. Yarışda peşəkar investorlar, maliyyə tələbələri və Orlando adlı meymun iştirak edirdi. Peşəkarlar səhmləri analiz əsasında, tələbələr öyrəndikləri maliyyə prinsiplərinə əsasən seçirdilər. Orlando isə oyuncaq siçanı şirkət adlarının yerləşdiyi sahəyə ataraq “seçim edirdi”. İlin sonunda ən maraqlı nəticəni məhz Orlando göstərdi. Peşəkar investorların portfeli təxminən 3,5% artdığı halda, Orlandonun təsadüfi seçimlərindən ibarət portfel təxminən 11% gəlir göstərdi. Təcrübə zarafat xarakterli olsa da, maliyyə dünyasında çoxdan müzakirə olunan bir məsələni yenidən gündəmə gətirdi- bazarı davamlı şəkildə qabaqlamaq son dərəcə çətindir və qısa müddətli nəticələrdə təsadüf böyük rol oynaya bilər.
8 - Minlərlə investor səhv Zoom-u aldı (2020)
2020-ci ildə pandemiya səbəbindən Zoom Video Communications sürətlə populyarlaşdı və şirkətin ZM tikerli səhmlərinə böyük maraq yarandı. Lakin bazarda Zoom Technologies adlı və ZOOM tikeri ilə ticarət olunan başqa bir şirkət də mövcud idi. Bəzi investorlar şirkətləri qarışdıraraq səhv səhmi almağa başladılar və nəticədə Zoom Technologies-in qiyməti biznesində ciddi dəyişiklik olmadığı halda sürətlə yüksəldi. Vəziyyət o həddə çatdı ki, ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyası — SEC — şirkətin səhmlərinin ticarətini müvəqqəti dayandırdı və investorların onu oxşar adlı başqa şirkətlə qarışdırdığına diqqət çəkdi. Hadisənin dərsi isə çox sadə idi: “Buy” düyməsini basmazdan əvvəl şirkətin tikerini iki dəfə yoxlamaq lazımdır.
9 - Tarixin ən bahalı pizzası - 10.000 Bitcoin (2010)
22 may 2010-cu ildə Bitcoin hələ demək olar ki, heç bir real kommersiya dəyərinə malik deyildi. Floridalı proqramçı Laszlo Hanyecz BitcoinTalk forumunda iki pizza qarşılığında 10.000 Bitcoin təklif etdi. Jeremy Sturdivant adlı gənc təklifi qəbul etdi və iki Papa John's pizzasını Hanyecz üçün sifariş etdi. Həmin vaxt 10.000 Bitcoin cəmi bir neçə on dollar dəyərində idi. Lakin bu əməliyyat Bitcoin-lə real məhsul alınmasının ən məşhur ilk nümunələrindən birinə çevrildi və 22 may hər il “Bitcoin Pizza Day” kimi qeyd olunur. Bitcoin-in qiyməti sonrakı illərdə yüksəldikcə həmin 10.000 BTC-nin potensial dəyəri milyardlarla dollara çatdı. Buna baxmayaraq, Hanyecz sonradan bu alışdan peşman olmadığını bildirib həmin dövrdə Bitcoin-in gələcəkdə hansı səviyyəyə çatacağını heç kim bilmirdi.
10- Valideynlərinin evindən bazarı silkələyən “yataq otağı treyderi”
Navinder Sarao Londonda valideynləri ilə yaşayan müstəqil treyder idi. Onun istifadə etdiyi əsas üsullardan biri “spoofing” idi - bazara böyük sifarişlər yerləşdirilir, digər iştirakçılar və alqoritmlər bu sifarişlərə reaksiya verdikdən sonra isə onlar icra olunmadan ləğv edilirdi. Bununla bazarda real olmayan tələb və ya təklif görüntüsü yaratmaq mümkün olurdu. 2015-ci ildə ABŞ rəsmiləri Saraonu 2010-cu ilin məşhur Flash Crash hadisəsinə töhfə verməkdə ittiham etdilər. İstintaqa görə, onun sifarişləri həmin gün bazardakı hərəkətləri daha da gücləndirmişdi. Sarao sonradan ABŞ-da təqsirini etiraf etdi. Hadisə müasir elektron bazarların maraqlı reallığını ortaya qoydu - qlobal maliyyə bazarına təsir etmək üçün artıq Wall Street-də böyük ofisə sahib olmaq lazım deyil internet bağlantısı, kompüter və alqoritm kifayət edə bilər.
Bu 10 hadisənin hər biri fərqli dövrdə və fərqli səbəblərdən baş versə də, hamısının ortaq bir mesajı var: maliyyə bazarlarında risk heç vaxt tam yox olmur. Bəzən bir insan səhvi, bir alqoritm, saxta xəbər, kütlə psixologiyası və ya sadəcə təsadüf milyonlarla, hətta milyardlarla dolların taleyini dəyişə bilir. Texnologiya və bazarlar dəyişsə də, qorxu, tamah və sürətli qazanc arzusu əsrlərdir eyni qalır. Treydinq tarixinin bəlkə də ən böyük dərsi budur: bazarda hər şeyi proqnozlaşdırmaq mümkün deyil, amma riski idarə etmək mümkündür.

