Şirkətlərin Rüblük Hesabatlarını Əvvəlcədən Bilənlər
Alternativ Data Analizi Nədir və Kimlər İstifadə Edir?
Çox adam yazıb soruşur ki şirkətlərin rüblük hesabatın öncədən bilmək olmaz və ya düzgün bilmək münkün deyil və s. Bunu soruşanlar ümumi cavab olaraq bir yazı paylaşmaq istədim. Çünki bəli, doğrudan da bəzi investorlar şirkətlərin gəlirlərini rəsmi açıqlanmamışdan əvvəl təxmin edə bilirlər. Bəs necə?
Bunun adı Alternative Data Analysis – yəni Alternativ Məlumat Analizidir.
Bu, klassik maliyyə hesabatlarından fərqli olaraq, müxtəlif qeyri-ənənəvi məlumat mənbələrindən istifadə edərək şirkətlərin performansını təxmin etməyə imkan verən metodologiyadır.
Bu üsuldan xüsusilə hedge fondlar, investisiya bankları və iri investorlar istifadə edir. Onlar bəzən bu məlumatlara görə milyonlarla dollar xərcləyirlər. Təbii ki, bu məlumatlar adi fərdi investor üçün əlçatmaz olsa da, onu təqdim edən 3-cü tərəf şirkətlərə aylıq və ya illik abunə ilə məhdud şəkildə giriş mümkündür.
Gəlin indi ən çox istifadə olunan 6 alternativ data növünə nəzər salaq:
Hedge Fondların Ən Maraqlı Strategiyalarından Biri: Uçuş Məlumatları ilə Səhm Almaq
Hedge Fondların maraqlı strategiyalarından biri də hər il yüz minlərlə dolları uçuş məlumatları xidmətlərinə ödəmələridir. Onlar korporativ şirkətlərə aid uçuşları izləyir və analitiklər bu uçuşların səbəbləri üzərində işləyirlər. Uçuş edilən şəhərlərdə hansı şirkətlərin baş ofislərinin yerləşdiyi və uçuş həyata keçirən şirkətlərlə bu ofislərin nə əlaqəsinin olduğu araşdırılır. Əgər bu əlaqələr əsasında bağlanacaq müqavilə və ya alqı-satqı ehtimalı mövcud olarsa, dərhal həmin şirkətin səhmlərini alırlar. Ehtimallar düzgün çıxdıqda isə yüz milyonlarla dollar qazanırlar.
Bunun real nümunələri çoxdur.
2008-ci il nümunəsi:
Analitiklər Omaha, Nebraska (Warren Buffett-in Berkshire Hathaway şirkətinin baş ofisinin yerləşdiyi şəhər) şəhərinə bir neçə dəfə uçan Goldman Sachs-a məxsus korporativ təyyarələri müşahidə etdilər. Onlar Warren Buffett-in Berkshire Hathaway şirkətinin bir sövdələşməyə cəlb olunduğunu ehtimal etdilər. Qısa müddət sonra Berkshire Hathaway, Goldman Sachs-a 5 milyard dollar investisiya etdiyini açıqladı və Goldman Sachs-ın səhmləri sürətlə bahalaşdı.
2014-cü il nümunəsi:
Bu dəfə General Electric (GE) və Fransanın Alstom şirkətləri ilə bağlı idi. İnvestorlar GE-nin korporativ qərargahı ilə Alstom-a aid yerlər arasında uçuşları müşahidə etdilər və bu, GE-nin satınalma elanına hazırlıq gördüyünü ortaya çıxardı. Az sonra GE, Alstom-un enerji biznesini təxminən 17 milyard dollara satın alacağını elan etdi. Yenə hedge fondlar bu ehtimalı qabaqcadan bildikləri üçün yüz milyonlarla dollar qazandılar.
Ən son böyük və məşhur nümunə: 2019-cu ilin aprelində Occidental Petroleum Corporation ilə bağlı hadisə idi.
Bu, hedge fondlarının korporativ uçuş izləmə metodundan uğurla istifadə etdiyini göstərən ən tanınmış nümunələrdən biridir. Analitiklər, Occidental şirkətinə məxsus Gulfstream V təyyarəsinin Omaha, Nebraska şəhərinə bir neçə dəfə eniş etdiyini müşahidə etdilər. Omaha, Warren Buffett-in Berkshire Hathaway şirkətinin qərargahının yerləşdiyi yerdir. Bu, Occidental-in Berkshire Hathaway-dən maliyyə dəstəyi istədiyinə dair ehtimallara səbəb oldu. Həqiqətən də, iki gün sonra Berkshire Hathaway, Occidental-a 10 milyard dollar investisiya edəcəyini elan etdi. Bu investisiya Occidental-in başqa bir neft şirkəti olan Anadarko Petroleum Corporation-ı 38 milyard dollar təkliflə satın almağını dəstəkləmək üçün nəzərdə tutulmuşdu.
Hal-hazırda ABŞ-da korporativ uçuşları izləyən çox sayda böyük və kiçik investisiya şirkəti mövcuddur. Bir çox şirkətlər isə məlumatları gizlətmək üçün icarəyə götürülmüş təyyarələrdən istifadə edir.
2- Peyk Şəkillərinin Real İstifadəsi .
Walmart, Target, Home Depot və Macy’s kimi pərakəndə satış şirkətlərinin mağaza dayanacaqlarının ( maşın parkingi ) peyk görüntüləri uğurla istifadə olunur. RS Metrics, Orbital Insight, və Thasos Group kimi firmalar bu texnologiyaya əsaslanan bizneslər qurublar. Yəni Planet Labs, Maxar kimi peyk şirkətlərindən şəkilləri alıb təhlil edir və bu məlumatları müştərilərə satırlar. Citadel, Point72, və Two Sigma kimi böyük hedge fondlar, Goldman Sachs, Morgan Stanley və JPMorgan kimi banklar bu məlumatlardan maliyyə göstəricilərini öncədən təxmin etmək üçün istifadə edirlər.
3- Kredit Kartı Əməliyyat Məlumatları.
Hedge fondlar və investisiya bankları anonimləşdirilmiş kredit kartı məlumatları vasitəsilə istehlakçı xərclərini təhlil edirlər. Yəni konkret kartlardan çıxan pulların hansı şirkətlərin məhsullarına xərcləndiyinə baxırlar. Facteus kimi bəzi şirkətlər bu məlumatları təhlil edir və satır.
4- Mobil Tətbiq İstifadəsi və Veb Trafiki
Mobil tətbiqlərin yüklənməsi və veb saytların istifadəsi kimi rəqəmsal aktivlik gəlir potensialı barədə konkret məlumat verir. Məsələn, bir yemək çatdırılma şirkətinin tətbiqində yükləmələrin artması tələbatın yüksəldiyini və gəlirlərin artacağını göstərə bilir. İnvestorlar bu məlumatları izləyərək sərmayə qərarlarını daha əsaslı verirlər.
5- Sosial Media Sentiment (Rəyi) Analizi
Twitter və Reddit kimi platformalardakı yazılar ictimai rəyin istiqamətini göstərir. Insanların fikirlərindəki müsbət və ya mənfi dəyişikliklər səhm qiymətlərində dəyişikliklərdən əvvəl baş verir - yəni fikirləri təhlil edərək bilirlər ki insanlar səhimi satacaq yoxsa alacaq. Şirkətlər fikir dili (natural language processing tools) işləmə texnologiyaları ilə bu yazıları təhlil edib bazarın reaksiyasını əvvəlcədən təxmin edirlər.
6- Geolokasiya Məlumatları Təhlili
Smartfonlardan toplanan coğrafi yerləşmə məlumatları, fiziki mağazalara zəngin və dəqiq ziyarət statistikası təqdim edir. Artıq hər gün xərtələrdən istifadə etdiyimiz üçün bütün telfonların geolokasiyası açıqdı. Placer.ai - kimi şirkətlər bu məlumatları toplayıb və müştərilərə təqdim edir və bu, investorların daha ağıllı və zamanında qərarlar verməsinə kömək edir.
Alternative Data Analysis - növləri çoxdur. Mən ümümi olaraq ən çox istifadə olunanları yazdım. Banklar və fondlar hər il bu datalara milyardlarla dollar xərcliyir. Exploding Topics bildirir ki, Alternative Data Analysis bazarı 2025-ci ildə 16.7 milyard dollara çatacaq və 2030-cu ilə qədər 135.8 milyard dollara qədər yüksəlməsi gözlənilir. Bu isə illik ortalama 52.1% artım deməkdir.