Səhm bazarında uğur qazanmaq üçün yalnız analitik biliklər yetərli deyil. Ən güclü analizlər belə, yanlış qərarlarla puç ola bilər. Bunun əsas səbəbi isə insan psixologiyası və emosional davranışlardır. Bu yazıda investor psixologiyası, ən çox rast gəlinən emosional tələlər və onlardan necə qaçmaq barədə danışacağıq.
İlk öncə ondan başlayaq ki, Səhm Psixologiyası nədir?
Səhm psixologiyası – investorların qərarlarına təsir edən emosiyalar, düşüncə tərzi və davranış modelləri ilə bağlıdır. İnsanlar tez-tez qorxu, acgözlük, təsdiq ehtiyacı, dəstək axtarışı kimi hisslərin təsiri ilə rasional olmayan qərarlar verirlər.
Bəs ən çox rast gəlinən psixoloji tələlər hansılardır?
1- FOMO (Fear of Missing Out – fürsəti qaçırma qorxusu) - Bazar yüksələndə insanlar gecikməkdən qorxaraq səhmləri düşünmədən alırlar. Bu isə əksər hallarda pik nöqtədən almaqla nəticələnir.
2. Loss Aversion (Zərərdən Qaçma Meyli)
İnsanlar qazanc əldə etməkdən daha çox, itkiyə qarşı həssasdırlar. Bu səbəbdən zərərlə qarşılaşanda səhmi satmaq əvəzinə, daha da gözləyirlər və zərər artır. Qazancda olduqda isə bunun əksi baş verir – az miqdarda qazancda olan kimi onu itirməmək qorxusu ilə səbirsizlik göstərərək səhmi tez satırlar.
3. Confirmation Bias (Təsdiqləmə meyli)
İnsanlar yalnız öz fikirlərini təsdiqləyən məlumatları axtarır və əks arqumentləri nəzərə almırlar.
4. Overconfidence (Həddindən artıq özünə güvən)
Az miqdarda uğur qazanan investor düşünür ki, həmişə düzgün qərar verəcək. Bu, daha böyük risklər almağa və nəticədə ciddi itkilərə səbəb olur.
5. Herding (Kütləyə Tabe Olmaq)
Biri alırsa, mən də alım. Biri satırsa, mən də satım. Bazarın böyük hissəsi bu düşüncə tərzi ilə hərəkət edir və bu, bazar balonlarına və kəskin çökmələrə səbəb olur.
Səhm Bazarında Psixologiyanı başa düşmək üçün bəzi məşhur elmi tədqiqatlara baxsaq ticarət etmədən öncə psixologiyanı bilməyin nə qədər vacib olduğunu görə bilərik.
1. Prospect Theory
Tədqiqatçılar Daniel Kahneman və Amos Tversky tərəfindən 1979-cu ildə yazılmışdır. Daniel Kahneman bu nəzəriyyəyə görə 2002-ci ildə Nobel İqtisadiyyat Mükafatı alıb (Amos Tversky 1996-da vəfat etdiyindən mükafat almadı). Nobel mükafatı qazanan bu nəzəriyyəyə görə, insanlar itkilərə qarşı daha həssasdır, riskli qərarlarda emosiyalar üstünlük təşkil edir. Məsələn, insanlar 100 manat itirməkdən qorxduğu qədər, 100 manat qazananda sevinmirlər.
Daniel Kahneman Thinking, Fast and Slow kitabında bu nəzəriyyədən danışır və eyni nəzəriyyədən Netflix sənədli filmi olan “Money Explained”-də söhbət açılır.
2. Nudge Theory
Tədqiqatçı Richard Thaler tərəfindən yazılmışdır. Nəzəriyənin əsas ideyası insanların davranışının kiçik siqnallarla dəyişdirilə bilən olmasıdır, yəni sərt qanun yox, “itələyici təklif” (little push offer) lazımdır. Məsələn, ABŞ-da pensiya fonduna qoşulma – çıxma sərbəstdir, amma çox adam gənc yaşında maaşının bir hissəsini 2-3 illik yığıb hər hansı bir biznesi yoxlamır, ancaq hər ay maaşının daha böyük hissəsini ödəməklə pensiya fonduna qoşulur və 65 yaşına qədər aylıq pul ödəyir.
Richard Thaler tədqiqatlarına görə 2017-ci ildə Nobel İqtisadiyyat Mükafatı alıb.
Inside Job – maliyyə qərarlarının psixoloji tərəflərinə toxunan film və Wealth, Happiness kitabları bu haqqdadır. 2008-ci ildə Richard Thaler eyniadlı (Nudge Theory) kitabı da çap olunub.
3. Cognitive Dissonance Theory
Tədqiqatçı Leon Festinger tərəfindən 1957-ci ildə yazılıb. Əsas ideyası – zərərlə üzləşən investor, səhv etdiyini qəbul etmək əvəzinə, “onsuz da uzunmüddətli saxlayacam” deyə özünü razı salması haqqındadır.
Bu 3 tədqiqatdan əlavə, oxuyub səhm ticarətində psixologiyanın dərinliklərini öyrənmək istəsəz, aşağıdakı siyahıdan bir neçəsini seçib biliklərinizi daha da dərinləşdirə bilərsiniz.
1. Social Proof (Sosial Təsdiq) – Əsas ideyası: İnsanlar qərarlarını çox zaman başqalarının nə etdiyinə baxaraq verirlər. Reddit-də bir səhmin “hamı tərəfindən” alındığı görünəndə, başqaları da düşünmədən alır.
Müəllif: Robert Cialdini | Kitab: Influence: The Psychology of Persuasion
2. Affect Heuristic – Əsas ideya: İnsanlar qərar verərkən məntiqə deyil , emosional hisslərinə əsaslanır. “Adını tanıyıram deyə alıram” yanaşması – məşhur brendlərin səhmlərinə daha çox meyl etməyə səbəb olur.
Müəllif: Paul Slovic
3. Operant Conditioning – Əsas ideya: İnsanlar mükafat və cəza ilə davranışlarını formalaşdırırlar. Tez qazanc əldə edən investor “tez-tez al/sat” etməyə alışır – bu davranış bəzən sonradan böyük zərərlə nəticələnir.
4. Anchoring Effect – Əsas ideya: İnsanlar qərar verərkən ilk gördükləri rəqəmə bağlanır və onu əsas götürür. Bir səhmin əvvəlki qiyməti 100$ olubsa, indi 60$-a düşdükdə “ucuzdur” deyilir – halbuki bəlkə də real dəyəri 40$-dır.
5. Behavioral Portfolio Theory – Əsas ideya: İnsanlar portfel qurarkən təkcə məntiqə deyil, emosional rahatlığa əsaslanırlar. Şirkətin adı "tanış" gəlirsə, investor onu portfelə əlavə edir.
İtirməmək üçün Emosiyalarla Necə Mübarizə Aparmalıyıq ?
Təcrübəli səhm treyderlərinin çoxu emosiyaları idarə etmək vərdişi qazanmaq üçün ümumiləşdirilmiş 5 əsas metoddan istifadə etməyi tövsiyə edir:
Planla hərəkət et
Alış və satış qərarlarını əvvəlcədən yaz, bazarda hər şey qarışanda həmin plana sadiq qal.Stop-loss və Take-profit təyin et
Əvvəlcədən "maksimum itki" və "yetərli qazanc" limitlərini müəyyən et.Qeydlər yaz
Hər ticarət qərarını niyə verdiyini yaz. Vaxt keçdikcə öz emosional davranışlarını anlaya biləcəksən.Portfelini diversifikasiya et
Hamısını bir səhmə qoyma – bu, emosional qərarları daha da gücləndirə bilər."Silence Mode" istifadə et
Bəzən heç nə etməmək ən yaxşı qərardır. Bazara baxmamaq, sosial mediadan uzaq durmaq bəzən daha çox qazandırır.
Ümumiləşdirib nəticə olaraq deyə bilərəm ki ən uğurlu investorlar – soyuqqanlı, planlı və emosiyalarını idarə edə bilənlərdir. Warren Buffett-in məşhur sözünü həmişə xatırlayın : - “Səhm bazarı, səbirli insanlara səbrsiz insanlardan pul köçürən sistemdir.” Əslində bütün səhm ticarətinin mahiyyəti bu cümləyə bağlıdır. Unutmayın, bazarda hər kəs qazanmaq istəsə də, çox az adam öz psixologiyasını idarə edə bilir. Emosiyalarına qalib gəl, səbrli ol və uzunmüddətli düşün. O zaman uğuru çox asan əldə edəcəksən.
Oxuduğunuz üçün təşəkkürlər!
Mənbələr :
https://pmc.ncbi.nlm.nih.gov/articles/PMC6620090/
https://www.nobelprize.org/prizes/economic-sciences/2017/thaler/facts/
https://www.nobelprize.org/prizes/economic-sciences/2002/kahneman/facts/
Nəticədə 15 səhm dəyəri 1200 dollar yox 1400 dollar olur və bir səhmin dəyəri 80 dollar yox 93.3 olur. Yəni bir səhmdə 20 dollar yox 6.70 dollar ziyan etmiş olursan.
Amma ki, bu çox qəliz və diqqətli analiz tələb edən addımdır.
Çox faydalı məqalədir.
Əlavə olaraq vurğulamaq istərdim ki, çox zaman düzgün strategiya seçməmək investorlara daha çox ziyan vurur nəyinki fundamental və texniki analiz etmədən səhm almaq.
2ci bəndə aid də deyim ki, bəzən səhm dəyəri düşən zaman elə yenidən o səhmi mərhələli şəkildə yenidən almaq ziyanı az da olsa qarşısını alır. Məsələn hər hansısa şirkətin səhm dəyəri 100 dollar idi və 10 ədəd səhm alınıb, hal hazırda qiyməti 80 dollara düşüb, əlavə olaraq 5 səhm daha alaraq average dəyərini süni qaldırmaq mümkün olur, nəticədə 15 səhmin cəmi 14 səhmin dəyərinə əldə olunmuş olur. Ən azından da 1500 dollara alacağın səhmə 1400 ödəmiş olursan. Amma bu addım çox ciddi götür-qoy əsasında baş tutmalıdır.