Texnologiya dünyasında çoxlu əfsanəvi hekayələr var. Amma bunların arasında biri xüsusilə seçilir – PayPal Mafiyası. Adından da göründüyü kimi, bu sadəcə bir iş qrupu deyil, texnologiyanın gedişatını dəyişən, dostluğa və etibara əsaslanan birliyin hekayəsidir. PayPal-ın içində doğulan bu qrupun üzvləri sonradan dünyanı dəyişən şirkətlər qurdular, bir-birilərinə dəstək oldular və bu gün də Silikon Vadisinin hər küncündə onların izlərini görmək olur. Bu yazıda onların kim olduğunu, necə tanış olduqlarını və nələrə imza atdıqlarını bir az daha qısa və səmimi dildə danışacağıq.
1. Peter Thiel – Mafiyanın Səssiz İdeoloqu
Peter Thiel-ə “səssiz strateg” demək olar. PayPal-ın qurucularından biri olan Thiel, əslində filosof olmaq istəyirdi. Bu fəlsəfi düşüncə tərzi sonradan onun qurduğu bütün bizneslərə, o cümlədən Palantir-ə təsir göstərdi. Onun Facebook-a olan erkən sərmayəsinə də bu fəlsəfi fikir təsir etmişdi.
Tələbəlik illərində “Stanford Review” adlı sağçı qəzetin təsisçisi idi. Sonradan bu qəzet Silikon Vadisindəki sağçı ideologiyanın “inkubatoru” sayıldı.
Onun “Zero to One” adlı yazdığı kitabında təkcə biznes deyil, cəmiyyət və ideologiya haqqında da düşündürən tezislər var və kitabda monopoliyaların müsbət tərəfləri ilə bağlı mübahisəli məqamlara toxunur. Yeri gəlmişkən oxumaq istəsəniz çox maraqlı kitabdır.
Gawker Media 2007-ci ildə onun homoseksual olduğunu açıqlamışdı. Thiel bu böhtanı bağışlamayıb, Hulk Hogan vasitəsilə məhkəmə prosesin maliyyələşdirərək Gawker-i batırdı. Gawker Media-nı məhkəmələr vasitəsilə batırması onun nə qədər uzaqgörən və kinli ola biləcəyini göstərirdi.
Thiel qocalma ilə mübarizə üçün “Methuselah Foundation” və “SENS Research Foundation” kimi uzunömürlülük layihələrinə yüz milyonlarla dollar sərmayə qoyub.
2. Max Levchin – Texnologiya ilə Nəfəs Alan Uşaq
Ukraynada astma xəstəliyi ilə mübarizə aparan bir uşaq olan Max, kompüterlərə sığınaraq öz dünyasını qurmağa başladı. Ailəsi Sovetlərdə yəhudi olduğuna görə təqibə məruz qaldığından ABŞ-a mühacirət edib. Bu, onun liberal kapitalist sistemə daha çox bağlanmasına səbəb olmuşdu. PayPal-ın təhlükəsizlik mexanizmləri onun beyin məhsuludur. O, "Gausebeck-Levchin testini" yaratdı ki , bu da CAPTCHA-nın ilk versiyası idi və bu texnologiya hələ də istifadə olunur.
Max həyatını “problemləri kodla həll etməy”-ə həsr edib. Yaratdığı Affirm şirkəti ilə maliyyə dünyasını dəyişdi və “Buy Now, Pay Later” sistemini populyarlaşdırdı.
3. Elon Musk – Riskləri Sevən Dahi
Elon Musk haqqında çox danışmağa ehtiyac yoxdur – amma PayPal dövründəki Elon bir başqa idi. X.com ilə gəldi, şirkəti PayPal ilə birləşdirdi, amma adın dəyişdirilməsi ilə bağlı israrlı olduğu üçün vəzifəsindən uzaqlaşdırıldı. Ancaq bu onun sonu yox, başlanğıcı oldu. Məktəbdə zorakılığa məruz qalan bu uşaq, sonradan milyardlarla insanı ilhamlandıran lider oldu.
Elon əslində Tesla-nın qurucusu deyil, Tesla-nı Martin Eberhard və Marc Tarpenning qurmuşdu. Musk isə ilk böyük investordan biri idi və daha sonra idarəetməni ələ aldı.
Bəzən radikal, bəzən dəhşətə gətirəcək qədər cəsur qərarlar verir – amma bu da onu Elon Musk edir.
4. Reid Hoffman – Texnologiyanın Filosofu
Reid Hoffman insanları birləşdirməyi sevir. LinkedIn də bu fikrin məhsuludur. PayPal-da daha çox biznes əlaqələrinə fokuslanan Hoffman, sonradan dünyanın ən güclü peşəkar şəbəkəsini - Linkedini yaratdı.
Filosof olmaq istəyən Hoffman Oksfordda fəlsəfə üzrə təhsil almışdı və əvvəlcə akademik olmaq istəyirdi. Lakin sonradan real dünyada daha çox təsir yaratmaq üçün texnologiyanı seçdi. O Apple üçün ilk sosial şəbəkə olan SocialNet adlı layihəni 1997-ci ildə qurdu – bu layihə insanların şəxsi və peşəkar əlaqələrini gücləndirmək üçün nəzərdə tutulmuşdu. Lakin layihə uğursuz oldu.
O , Airbnb və Facebook kimi nəhənglərə erkən investisiya edərək fərqli instinktlərə sahib olduğunu sübut etdi.
5. David O. Sacks – Səssiz Güc, Böyük Təsir
David özünü heç zaman ön plana atmırdı, amma ona PayPal-ın “arxa plandakı qurucusu” demək olar. O, şirkətin əsas strukturlarını formalaşdırdı. Daha sonra Yammer və Craft Ventures yaradaraq öz uğurunu davam etdirdi.
O , əvvəlcə Hollivudda komediya ssenaristi olmaq istəyirdi. Lakin, həyat onun texnologiya sahəsinin idarəetməsində dəqiq, düşüncədə çevik bir lider olduğun görsətdi.
6. Keith Rabois – Dili Kəskin, İdeyası Dəqiq
Keith, dediyi hər sözlə təsir yaradan biridir. Onunla razılaşmaya bilərsiniz, amma onu görməməzlikdən gələ bilməzsiniz. PayPal-da hüquqi məsələlərə baxırdı, sonradan Square və OpenDoor kimi şirkətlərdə iz qoydu. O, Stanford-da qalmaqallı çıxışı ilə yadda qalıb. İnvester kimi çox seçicidir, amma seçdikləri partlayır.
7. Roelof Botha – Maliyyə Dəhası
Roelof, PayPal-da CFO idi və Elon Musk-ın ən çox güvəndiyi insanlardan biri olmuşdu. O həmtəsisçisi olduğu Sequoia Capital-da YouTube və Instagram kimi devlərə ilkin mərhələdə yatırım edib. O çox seçicidir və investisya etmək məsələsində istənilən layihəyə “yox” deməyi bacarır, çünki adətən “ hə ” dedikləri lahiyələr dünyanı dəyişir.
8. Steve Chen, Chad Hurley, Jawed Karim – YouTube-un Pizzadan Doğulan Hekayəsi
PayPal-dan ayrılandan sonra bir pizza məclisini videoya çəkmək istədilər... və YouTube yarandı !
Bəzən ən böyük fikirlər gündəlik ehtiyacdan doğur. Youtube-un ilk videosu özlərinin çəkdiyi “Me at the Zoo” idi və 20 il keçməsinə baxmayaraq hələdə Youtube-da o video milyonlarla baxış yığır . Google 2006-cı ildə onlardan Youtube-u $1.65 milyarda aldı və sonra Youtube-la bir tarix yazıldı.
9. Dave McClure – Minlərlə Startupın Ata Fiquru
Dave həm marketoloq, həm də sərmayəçidir. 500 Startups ilə dünyada minlərlə yeni ideyaya həyat verdi. Davranış qalmaqalları onun nüfuzuna zərər versə də, qoyduğu təməl hələ də yaşayır.
10. Premal Shah – Texnologiyanı İnsanlara Yaxınlaşdıran Lider
PayPal-dan ayrıldıqdan sonra Premal qərar verdi ki, texnologiya kasıb ölkələrdəki insanlara da yardım etməlidir. Beləcə sosial sahibkarlığın simvolu Kiva doğuldu.
Faizsiz mikrokredit anlayışı ilə minlərlə ailəyə ümid verdi.
Dostluqdan Doğan İnqilab
PayPal Mafiyası sadəcə bir iş hekayəsi deyil. Bu, ortaq dəyərlərə inanan, bir-birinə güvənən insanların birgə yazdığı uğur dastanıdır. Onlar bir yerdə işlədilər, sonra hərəsi öz yolu ilə getdi – amma kökləri eyni torpaqdadır - PayPal ofisi.
Bu gün onların adları müxtəlif texnologiya nəhəngləri ilə assosiasiya olunur. Amma hər şey bir zamanlar risk, inam və çox çalışmaqla başlandı. Və bu, bizim də öyrənə biləcəyimiz ən qiymətli dərsdir.
Çünki bəzən bir dostluq – bir imperatorluq qədər güclü ola bilər.