Son zamanlar online idman mərclərinin yaratdığı asılılıq fəsadları və bu aludəçiliyi şirinləşdirən bəzi məqamlar diqqət çəkir. Asılılıqdan qurtulmaq üçün qətiyyətli olmaq və yardım almaqda tərəddüd etməmək vacibdir.
Bu araşdırmanı yazma səbəbim bu gün eşitdiyim bir xəbərdir. Xəbər odur ki, çoxdan tanıdığım bir insanın qardaşı online futbol mərc oyunlarına yüksək məbləğdə pul uduzub və bu aludəçilikdən qurtula bilməyəcəyini hesab edərək bir neçə həftə öncə intihara cəhd edib. Xoşbəxtlikdən, vaxtında aşkarlanaraq xəstəxananın xüsusi reanimasiya şöbəsinə yerləşdirilib və hələ də müalicəsi davam edir. Bu xəbər məni bu sahəni araşdırmağa sövq etdi. Abunə olduğum ödənişli platformalardan istifadə edərək topladığım məlumatları və heç kimin heç bir strategiyasının bu mərc sisteminə qalib gələ bilməyəcəyini mümkün qədər sadə izah etməyə çalışacağam. Bir çox istifadə etdiyim mənbə linklərin də sonda paylaşacam. Ümumiyyətlə, bu sistem mərc edilən toplam məbləğin 95%-nin uduzulmasına və udulan 5%-in isə az insanın çox məbləğ udması ehtimalını azaldıb, əksinə o 5 %-i az məbləğ şəkilində daha çox adamın qazandığı görüntüsünü yaratmağa əsaslanıb.
Mərcə aludəçilikdən çıxmaq üçün qətiyyət göstərmək vacibdir, amma bunu təkbaşına etmək şərt deyil. Yaxınlarından və mütəxəssislərdən yardım istəmək zəiflik deyil, əksinə bu, vəziyyətdən çıxmaq üçün atıla biləcək mühüm addımdır. Çünki siz bu sistemdən çıxmağa çalışarkən dünyanın ən müasir texnologiyalarından və ən böyük datalarından istifadə olunaraq qurulmuş sistemin içindən çıxmağa çalışırsınız. O sistem ki, sizi hər saniyə izləyir, indiki və keçmiş hərəkətlərinizi analiz edir, gələcək hərəkətlərinizi isə sizdən daha yaxşı proqnozlaşdırır.
Futbol mərc oyunlarının hazırkı həftəlik qlobal dövriyyəsi təxminən 15,4 milyard dollar təşkil edir. Bu rəqəm futbolun qlobal qumar sənayesinin şəksiz lideri olması faktına əsaslanır, belə ki, futbol illik təxminən 800 milyard dollar ümumi mərc dövriyyəsinə malikdir. Bu nəhəng həcm dünya miqyasında qoyulan bütün idman mərclərinin (1.68 Trilyon dollar) demək olar ki, yarısını təşkil edir. Beynəlxalq Turnir zamanı bu məbləğ aylıq 100 milyard dollardan yuxarı olur. Məsələn, FIFA Dünya Kuboku 2026 zamanı rekord səviyyədə mərc aktivliyi qeydə alınmışdır, altı həftəlik turnir ərzində leqal olaraq 60 milyard dollardan çox mərc qoyulmuşdur. Təkcə İngiltərə Premyer Liqası illik 22 milyard avro arasında mərc həcmi yaradır ki, bura kubok oyunları, yoldaşlıq oyunları və beynəlxalq oyunlar daxil deyil.
FİFA, UEFA və digər böyük idman federasiyalarının "Dürüstlük və Şəffaflıq" (Integrity) qaydaları olsa da pərdəarxası baş verənlərin sayı hesabı da bitmir.
Süni İntellekt və Monitorinq Sistemləri həttda sizin futbol komadalarının birində tanışınızın olsa belə , yenə mərci qazana biləcəyiniz ehtimalının qarşısını alır. Müasir futbol dünyası Sportradar və ya U.S. Integrity qlobal monitorinq şirkətləri ilə əməkdaşlıq edir. Hər hansı bir oyuna (hətta aşağı liqalarda belə) qeyri-adi yüksək məbləğdə pullar qoyulduqda, süni intellekt əsaslı UFDS (Universal Fraud Detection System) dərhal həyəcan siqnalı verir. Bu siqnal əsasında həm federasiyalar, həm də hüquq-mühafizə orqanları dərhal araşdırmaya başlayır, şübhəli şəxslərin bank və telefon qeydləri yoxlanılır.
Böyük betting şirkətləri futbol oyunlarına qoyulan mərclərin miqdarını, sayını və haradan gəldiyini tamamilə canlı (live) olaraq saniyə-saniyə izləyirlər. Bunun üçün xüsusi olaraq hazırlanmış, süni intellekt və böyük data (Big Data) analitikasına əsaslanan çox mürəkkəb daxili sistemlər mövcutdur. Əslində, bu sistemlərin canlı işləməsi qumar şirkətlərinin müflis olmaması və riskləri idarə etməsi üçün ən kritik şərtdir.
Əsasən 3 sistemdən istifadə olunur.
Birinci - Canlı Mərc İzləmə Sistemləri – Bu sistemə Trading Desks (Risk İdarəetmə Panelləri) deyilir. Matç zamanı hansı əmsala (məsələn, "Növbəti qolu kim vuracaq") nə qədər pul (həcm) qoyulduğunu vizual qrafiklərlə canlı göstərir. Şirkət bir mərcə həddindən artıq çox pul qoyulduğunu görəndə, özünü sığortalamaq üçün dərhal həmin mərc növünü müvəqqəti bağlayır.
Ikincisi - Profilasiya və Limit Sistemiləridir ki bu sistemlər hər bir istifadəçinin mərc keçmişi və davranışı canlı izlənilir. Professional pul qazanan strategiyasının olduğunu düşünənlər (arbitiraj və ya riyazi sistemlərlə oynayanlar) və ya şübhəli şəxslər böyük məbləğdə canlı oyuna mərc qoyduqda və ya ardıcıl olaraq bir neçə dəfə mərci udduqda, sistem dərhal operatoru xəbərdar edir və avtomatik olaraq həmin şəxsə maksimum mərc limiti tətbiq edir. Yəni siz udsanız belə bu qazanc ardıcıllığını 5-6 dəfədən çox edə bilmiyəcəksiniz.
Üçüncüsü - Qlobal Məlumat Provayderləridir.
Bu sahə demə olar ki tamamilə monopoliyadadır və tanıdğınız bütün mərc saytları bu proveyderlərə bağlıdır və onlaradan icarə olaraq xidmət alırlar. Belə ki, bu şirkətlər Sportradar, Genius Sports və ya Stats Perform kimi nəhəng data şirkətlərinin idman hərəkətlərini canlı ötürən sistemlərindən istifadə edirlər. Stadiondakı datalar (topa sahib olma, hücum təhlükəsi) ilə gələn mərclərin sürəti qarşılaşdırılır. Məsələn, stadiondakı canlı ötürmədən (radar) 2 saniyə sürətli mərc etməyə çalışan (Courtsiding) şəxslər bloklanır. Yəni siz stadionda oturub əlinizdə telfonu hazır tutaraq qolun vurulduğu anda belə mərc edə bilməzsiz.
Əgər adi bir çempionat oyununa canlı yayımda birdən-birə, heç bir məntiqi səbəb olmadan (məsələn, oyunun 80-ci dəqiqəsində hesab 0-0 ikən "3 və ya 4 qol olacaq" mərclərinə) müxtəlif hesablardan və müxtəlif şəhər və ya ölkələrdən yüz minlərlə dollar pul qoyulmağa başlanarsa, buna daxili sistemlər avtomatik olaraq "Qırmızı Həyəcan Siqnalı" (Alert) verir. Şirkət dərhal həmin oyuna canlı mərcləri dayandırır və bu datanı beynəlxalq futbol federasiyalarına (FİFA/UEFA) ötürür. Yəni sistemi quran nəhəng monopolia sahibi şirkətlər özlərindən başqa oyuna müdaxilə edən hər cəhdi tutur. Qısası, bu sistemlər həm şirkətin öz qazancını qoruması, həm də oyun daxili hərəkətliliyin riyazi tarazlığını saxlamaq üçün yaradılmış "canlı nəzarət orqanları"dır.
Həm canlı mərclərdəki süni gecikmələr, həm də stadionlardakı Data Scouts (böyük azarkeş kütləsi olan oyunlarda stadionda azarkeşlərlə bir yerdə oturan betting şirkətinin əməkdaşı) müasir idman mərcləri sənayesinin milyardlarla dolları necə qoruduğunu göstərən ən kritik 2 mexanizdir.
1. Canlı Mərclərdə 3-5 Saniyəlik Gecikmələr (Live Betting Delay).
Canlı olaraq futbol oynuna mərc etmək istədiyiniz zaman düyməni basdıqdan sonra sistemin mərci dərhal qəbul etmədiyini, bir neçə saniyə fırlandığını (yükləndiyini) görmüsünüz. Buna "Live Bet Acceptance Delay" (Canlı Mərc Qəbulu Gecikməsi) deyilir. Əgər qumar şirkəti mərcləri anında (0 saniyədə) qəbul etsəydi, stadionda oturan bir azarkeş qol vurulan andaca (televiziya yayımından 10 saniyə əvvəl) telefonundan "Növbəti qolu kim vuracaq" mərcini edib şirkəti asanlıqla müflis edə bilərdi. Siz mərc düyməsini basdığınız an sistem mərci 3-8 saniyə gözəgörünməz şəkildə dondurur. Bu bir neçə saniyə ərzində stadionda hər hansı bir kritik hadisə (qol, qırmızı vərəqə, penalti) baş verərsə, sistem mərcinizi avtomatik olaraq rədd edir (Void) və pulunuzu geri qaytarır. Evinizdə televizorda və ya internetdə izlədiyiniz "canlı" oyun, əslində stadionda baş verən real hadisədən 15 ilə 20 saniyə arasında gecikmə ilə sizə çatır.
2. Stadionlardakı "Data Skautları" (Data Scouts) və onların sizə qarşı Gizli Mübarizəsi.
Data skautları, Sportradar və ya Genius Sports kimi nəhəng idman data şirkətləri tərəfindən xüsusi olaraq işə götürülən və birbaşa stadiona göndərilən şəxslərdir. Bu şəxslər stadionun tribunasında otururlar və əllərindəki xüsusi proqram təminatı (və ya mini pult, telfon və ya planşetlər) vasitəsilə oyundakı hər bir hərəkəti, topun hansı zonada olduğunu, kimin hücuma keçdiyini, künc zərbəsini, folu 0.5 saniyə daxilində düymələrə basaraq mərkəzi sistemə ötürürlər. Bukmeker şirkətləri də öz canlı əmsallarını məhz bu skautların ötürdüyü dataya əsasən saniyəbəsaniyə dəyişirlər və ya sistemi dondururlar.
Rəsmi icazəsi olan skautlardan başqa, stadionlarda "Courtsider" deyilən qeyri-qanuni skautlar da olur. Onlar rəsmi data şirkətlərindən və ya bukmekerlərdən daha sürətli davranıb, stadiondakı hadisəni (məsələn, penalti qərarını) dərhal öz gizli şəbəkələrinə və ya böyük mərc sindikatlarına ötürürlər ki, yuxarıda bəhs etdiyimiz "3-5 saniyəlik qorunma gecikməsini" qıra bilsinlər. Bunlar adətən təşkilatlanmış bir qrup adamlar tərəfindən edilir. Yəni siz stadionda oturub oyuna baxdığınız zaman əslində ətrafınızda görüb və hiss etmədiyiniz bir “müharibə” gedir. Klublar və rəsmi data provayderləri stadionlarda qeyri-qanuni şəkildə telefonla davamlı məlumat ötürən şəxsləri aşkar etmək üçün xüsusi təhlükəsizlik qrupları saxlayırlar. Şübhəli şəxslər dərhal həbs edilir və ya stadiondan qovulur və bəzən də onların oyunlara girişi ömürlük qadağan edilir. Yəni, canlı futbol mərcləri sadəcə bəxt oyunu deyil, stadiondakı canlı data sürəti ilə bukmeker şirkətinin risk alqoritmləri arasında gedən milli-saniyəlik bir texnoloji müharibədir.
Sportradar və Genius Sports kimi nəhəng data şirkətlərinin süni intellekt (AI) alqoritmləri futbol oyunlarında əmsalları saniyənin mində biri qədər sürətlə (milli-saniyələrlə) hesablamaq üçün böyük data (Big Data) və maşın öyrənməsi (Machine Learning) modellərindən istifadə edir. Bu sistem sadəcə oyunun gedişatına baxmır, o, milyonlarca məlumat nöqtəsini eyni anda emal edən bir riyaziyyat dahisi kimi işləyir. Süni intellect eyni anda üç fərqli mənbədən gələn məlumatı emal edir ki, buna – Triple Data Feeding – deyilir.
1) Computer Vision - Stadiondakı kameralar vasitəsilə futbolçuların və topun meydandakı dəqiq koordinatları (X və Y oxları üzrə) saniyədə 25 dəfə skan edilir. Top qapıya sürətlə yaxınlaşanda sistem dərhal qol olma ehtimalı qəbul edir və mərci sistemini bağlayır.
2) Biometrik və Sensor Məlumatları - Futbolçuların formalarındakı və ya topun daxilindəki çiplər (məsələn, Kinexon idman sensorları) vasitəsilə qaçış sürəti, yorğunluq səviyyəsi və topun fırlanma sürəti canlı ötürülür. Oyunçular yorluduqca və qaçış sürəti düşdükcə qol olma ehtimalı azalır və qol olacağın mərc əmsalları artır ki, siz mərc etməyə şirinikləşəsiz.
3) Skaut Məlumatları - Stadiondakı insan skautların ötürdüyü subyektiv hadisələr (məsələn, qayda pozuntusunun şiddəti və ya hakimin bədən dili). Əgər oyunçular və azarkeşlər arasında aqressivlik artırsa skaut məlumatı əsasında qırmızı kart alma əmsalı azalır.
Bəs böyük betting data şirkətlər canlı oyuna mərc etməyənləri yəni oyundan bir neçə saat və ya gün əvvəl mərc edənləri necə uduzdurur. Bunun isə həddindən çox mexanizmi var ki, onlardan ən çox istifadə olunanı qeyd etməyə çalışacam.
Bu metod futbol proqnozu verən böyük və tanınmış online şirkətlər vasitəsi ilə həyata keçirilir. Məsələn sistem yazılan mərc kuponlarının analiz edir və hansı oyunların çox kuponda yazıldığını seçir.
Məsələn tutaq ki, sistem aşkar edir ki 26.10.2026 tarixində İngiltərə Primerliqasında keçiriləcək Arsenal - Tottenham (bu sadicə misaldı-realda bu tarixdə belə qarşılaşma yoxdu) oyunu milyonlarla kuponda yazılan oyunlardan biridir. Müdaxilə ediləcəy oyunun bu oyun olacağı seçilir. Sonra media (sosial şəbəkələr və online idman xəbər saytları) və məşhur ödənişli və ya ödənişsiz proqnoz saytları vasitəsi ilə bu oyuna eyni nəticəni göstərən şərhlər və proqnozlar verilir. Məsələn ən çox istifadə olunan proqnoz (Soccer Prediction) saytlarında oyunda 2.5 over (yəni oyunda minimum 3 qol olacaq) və 2/1 (oyun bərabər hesabla bitməyəcək) ehtimalları paylaşılır. Sonra clublara yüksək qonorarlar ödənilməsi ilə oyunun 0-0 bitməsinə razılıq alınır. Nəticədə oyun 0-0 hesabı ilə bitdiyinə görə ən çox mərc qoyulan minimum 3 qol və bərabərlik olmuyacaq yazılan bütün milyonlara kupon yanır. Yəni sistem hər oyuna müdaxilə etmədən milyonlarla mərcdən qazanclı çıxır. Bu haqqda Reddit-də, Google-da və Youtube-da yüzlərlə məlumat var.
Bundan əlavə futbol klubları subyektiv maliyyə dəyərləri, qeyri-şəffaf mülkiyyət strukturları və nəhəng nağd pul axınları səbəbindən çirkli pulların yuyulması (Money Laundering) üçün ən çox hədəf alınan sahələrdən biridir. Avropa Komissiyası və FATF (Maliyyə Tədbirləri üzrə İş Qrupu) futbolu çirkli pulların yuyulması baxımından ən yüksək riskli idman növü elan edib. Futbolda Çirkli Pulların Yuyulma Mexanizmləri həddindən çoxdur. Onlardan ən çox istifadə olunanlar bunlardır:
1. Şişirdilmiş Transferlər və Agent Haqları - Bir oyunçunun real dəyəri 1 milyon dollardırsa, gizli sövdələşmə ilə o, 10 milyon dollara transfer edilir. Aradakı 9 milyon dollar fərq offşor şirkətlər və vasitəçi agentlər vasitəsilə leqal futbol gəliri kimi kriminal şəbəkəyə qaytarılır.
2. Yalançı / Şişirdilmiş Sponsorluqlar - Klub sahibi özünə məxsus gizli/feyk (shell) şirkətlər vasitəsilə kluba rəsmi reklam və sponsorluq pulları ödəyir. Qanunsuz yollarla qazanılmış pullar kluba daxil olduqdan sonra stadion gəlirləri, bilet satışı və ya media gəliri adı altında tamamilə "təmiz" pula çevrilir.
3. İstiqrazlar və Sahisiz Borc Kreditləri - Sahiblər klub rəhbərliyinə öz offşor şirkətlərindən faizsiz və ya yüksək faizli "borc/kredit" verirlər. Klub bu borcu geri qaytararkən qanunsuz pullar rəsmi bank sisteminə qanuni transfer kimi daxil olur.
4. Bilet və Atribut Satışlarının Saxtalaşdırılması - Stadionda boş qalan oturacaqlar üçün minlərlə saxta bilet "nağd pulla" satılmış kimi göstərilir. Beləliklə, yeraltı bazardan gələn qanunsuz nağd pullar klubun rəsmi bilet gəliri kimi qeydiyyata alınır.
Beynəlxalq hüquq-mühafizə orqanlarının belə faktları aşkarlayıb qarşısını alması olduqca çətindir. Çünki proses müxtəlif ölkələr üzərindən xüsəsən da off-shore zonalarda kökü bilinməyən şirkətlər vasitəsi ilə həyata keçirilir. Lakin bununla belə, Europol-un hesabatlarında futbolda çirkli pulların yuyulmasına dair bir neçə konkret və məşhur nümunə qeyd olunub:
1. "Matriyoska Əməliyyatı" (Operation Matrioskas - 2016): Europol və Portuqaliya polisinin birgə keçirdiyi bu əməliyyat, futbolda çirkli pulların yuyulmasının ən klassik dərslik nümunəsidir. Rusiyalı cinayətkar şəbəkə Portuqaliyada ciddi maliyyə böhranı yaşayan bir neçə futbol klubunu (xüsusilə União de Leiria klubunu) gizli şəkildə satın almışdı. Onlar offşor hesablardan bu klublara qondarma investisiyalar yatırır, oyunçu transferlərini şişirdir və qanunsuz yollarla əldə etdikləri milyonlarla avronu Avropa İttifaqı daxilində leqallaşdırırdılar.
2. Birmingem Siti (Birmingham City FC - Carson Yeung): 2009-cu ildə İngiltərənin köklü klublarından olan Birmingham City-ni satın alan Honq Konqlu iş adamı Karson Yanq (Carson Yeung), 2014-cü ildə məhkəmə tərəfindən 720 milyon Honq Konq dolları (~92 milyon ABŞ dolları) məbləğində çirkli pulların yuyulmasında təqsirli bilinərək 6 il həbs cəzası aldı. O, futbol klubunun bank hesablarından özünün qanunsuz qumar və mafiya gəlirlərini gizlətmək üçün maska kimi istifadə etmişdi.
3. Lids Yunayted (Leeds United - Massimo Cellino): İtalyan iş adamı Massimo Çellino 2014-cü ildə İngiltərənin Leeds United klubunu satın alarkən mənşəyi məlum olmayan pullardan istifadə etməkdə, İtaliyada vergi fırıldaqçılığında və pulların yuyulmasında ittiham olunmuşdu və bu, İngiltərə Futbol Liqasında (EFL) sahiblik qaydalarının sərtləşdirilməsinə səbəb oldu.
Niyə pul yumaq üçün məhz Futbol seçilir? Çünki, Futbolçuların transfer dəyərinin (məsələn, bir oyunçunun 10, yoxsa 50 milyon dollar olması) heç bir sabit riyazi düsturu yoxdur. Dəyərlər tamamilə subyektiv olduğu üçün cinayətkarlar qiymətləri istədikləri kimi manipulyasiya edərək bank nəzarətindən asanlıqla yayına bilirlər.
Təkcə Manchester City-nin 9 il ərzində 115 Maliyyə İttihamı (Financial Fair Play - FFP) var. Manchester City klubunun hadisəsi futbolda "Maliyyə Fəaliyyətinin Dürüstlüyü" qaydalarının pozulmasının ən böyük nümunəsidir. Premyer Liqa 2009-2018-ci illər arasındakı dövrü əhatə edən maliyyə hesabatlarında qayda pozuntuları aşkarlayaraq kluba qarşı 115 fərqli ittiham irəli sürüb. Bunlara Şişirdilmiş / Feyk Sponsorluqlar, Gizli Müqavilələr və Maaşlar, Kukla Şirkətlər Şəbəkəsi (Shell Companies), "Multi-Club Ownership" (Çoxlu Klub Sahibliyi), Futbol Sızmaları (Football Leaks) və s. daxildir.
Dünyada bir çox futbol klubunun rəsmi sahibi birbaşa bir insan deyil. Məsələn, klubun sahibi Londonda qeydiyyatdan keçmiş bir şirkətdir; həmin şirkətin sahibi Lüksemburqda başqa bir şirkətdir; onun da sahibi Britaniya Virciniya adalarında qeydiyyatda olan gizli bir fonddur. Bu zənciri quran zaman real olaraq pulun kimdən gəldiyini tapmaq dövlət orqanları üçün demək olar ki, qeyri-mümkün olur.
Son illərdə isə eyni offşor şirkətlərin dünyanın müxtəlif ölkələrində 4-5 fərqli futbol klubunu satın alması trendi (məsələn, City Football Group və ya 777 Partners) yaranıb. Bu sistem vasitəsilə kriminal şəbəkələr və ya böyük investorlar, pulları eyni şəbəkə daxilindəki klublar arasında "oyunçu transferi" adı ilə offşor hesablardan keçirərək heç bir vergi ödəmədən və iz buraxmadan rahatca hərəkət etdirirlər.
Mərc (betting) şirkəti açmaq yüksək gəlirli, lakin həm hüquqi, həm də texnoloji cəhətdən dünyanın ən mürəkkəb və ən çox xərc tələb edən bizneslərindən biridir. Bu sahədə uğur qazanmaq üçün ciddi kapital, beynəlxalq lisenziyalar və güclü proqram təminatı lazımdır. Yeni açılan bütün betting (mərc) şirkətləri sənayenin nəhəng B2B (Business-to-Business) data və proqram təminatı şirkətlərinin hazır infrastrukturlarından və datalarından istifadə edirlər. Sıfırdan yüzlərlə idman növü üçün canlı əmsal hesablamaq həm maddi, həm də texnoloji cəhətdən yeni bir şirkət üçün qeyri-mümkündür.
Bu sistem idman qumar sənayesində monopolia olan iki fərqli qat üzərində qurulub.
1. Nəhəng İdman Data Provayderləri (The Core Data).
A) Sportradar (Betradar) - NASDAQ adı ( (SRAD)): Sənayenin ən böyük "məlumat fabriki"dir.
B) Genius Sports(GENİ) və Stats Perform: Böyük idman turnirlərinin canlı statistikalarını rəsmi olaraq toplayıb bütün dünyaya satan iki nəhəng provayderdir.
2. White Label və Bukmeker Proqram Təminatçıları.
Yeni açılan şirkətlər çox vaxt təkcə datanı deyil, saytın dizaynını, qumar oyunlarını və ödəniş sistemlərini də paket halında B2B Gaming Provayderlərindən (White Label platformalarından) kirayələyirlər.
BetConstruct və Altenar şirkətləri dünyanın ən böyük B2B provayderləridir. Yeni bir şirkətə canlı idman mərcləri, kazino oyunları, risk idarəetməsi və lisenziya dəstəyini bir paketdə təqdim edir. Xüsusilə yeni başlayan startaplar, sahibkarlar və bazara yeni daxil olan iddialı brendlər üçün sürətli "White Label" həlləri təklif edir.
Nəticə etibarilə, nəhəng mərc şirkətləri geniş məlumat bazalarına, təcrübəyə və riskləri idarə edən sistemlərə malikdir. Ayrı-ayrı mərclərdə udmaq mümkündür, lakin bu şirkətlərə qarşı uzun müddət sabit qazanc əldə etmək, yaxud qısa zamanda yüksək məbləğ udmaq ehtimalı son dərəcə aşağıdır və heç bir strategiya buna zəmanət vermir. Təsadüfi böyük uduş insanı sistemin qalibi etmir əksinə, onu daha çox riskə sövq edə bilir. İtirilən pulu geri qaytarmaq ümidi ilə mərci artırmaq borcu və asılılığı dərinləşdirə bilər. Mərcə nəzarət etmək çətinləşirsə, vəziyyəti gizlətməyin və yaxınlardan, eləcə də mütəxəssislərdən yardım istəyin. Bəzən ən vacib qələbə növbəti mərci qoymamaqdır.
Mənbələr :
1-
2 - https://www.si.com/betting/2023/09/15/sports-betting-watchdog-investigation-scandals
3 - https://sportradar.com/
4 - https://www.geniussports.com/
5 - https://www.sportico.com/business/finance/2022/nfl-genius-sports-ownership-1234670654/
6- https://datarade.ai/data-categories/odds-betting-data/providers
7 - https://apnews.com/general-news-2fc27b7c558ceddd8669fb03acc15e3d
8 - https://www.acams.org/en/opinion/european-football-clubs-under-afc-regulation
10 - https://www.tandfonline.com/doi/full/10.1080/17430437.2024.2424565
11- https://www.rusi.org/explore-our-research/publications/commentary/money-laundering-football-not-so-beautiful-game

