Neft qiymətlərinin düşməsi ilə tikinti sektorunda böhran siqnalları güclənir
Qlobal neft qiymətləri düşdükcə büdcə balansı və gəlir axınlarında risklər artır.
Son bir neçə ayda baş verən hadisələr göstərir ki, Rusiya–Ukrayna müharibəsinin gedişi fonunda bizim regiona ciddi iqtisadi təzyiqlər yaxınlaşır. Qlobal proseslərdən görünür ki, neft qiymətlərinin maksimum dərəcədə aşağı salınması üçün koordinasiyalı addımlar atılır. Məqsəd – bölgədə hərbi-siyasi vəziyyətə təsir etmək və sülhə məcburetmə mexanizmini gücləndirməkdir.
Neft qiyməti düşsə də, Rusiyanın böyük həcmdə neft ixrac etməsi, ucuz satış olsa belə, müharibənin maliyyələşməsinə imkan verirdi. Lakin son aylarda diqqət etsəniz görərsiniz ki, Ukraynanın əsas hücum hədəfləri Rusiya ərazisindəki neft və qaz infrastrukturu obyektləridir. Ehtimal olunur ki, bunun əsas məqsədi Rusiyanın istehsal gücünü azaltmaq və neft qiymətlərinin düşməsi fonunda müharibənin maliyyə dayanıqlığını zəiflətməkdir.
Digər tərəfdən, hazırda Venesuelaya ABŞ tərəfindən həm iqtisadi, həm də hərbi təzyiq ciddi şəkildə artıb. ABŞ hərbi gəmilərinin Venesuelaya çox yaxın məsafədə yerləşməsi də bunu göstərir. Venesuela iqtisadiyyatının tamamilə neftdən asılı olduğunu nəzərə alsaq, neftin ucuzlaşması orada da məcburi dəyişikliklərə gətirib çıxaracaq.
Ərəb ölkələrində layihələrin kiçildilməsi — xəbərdarlıq siqnalı
Neft istehsalında ən böyük paya sahib ərəb ölkələri də uzun müddətdir ki, neft gəlirlərində azalmanın yaratdığı risklərə hazırlaşırlar. Son aylarda bir çox ərəb neft ixracatçısı infrastruktur və inkişaf layihələrini ya kiçildib, ya da tamamilə dayandırıb.
Məsələn, Səudiyyə Ərəbistanı Vision 2030 çərçivəsindəki mega-layihələrdə (NEOM, The Line, Red Sea Project və s.) ciddi miqyas daralmasına gedib. Tenderlərin dəyəri kəskin azalıb ki, bu da yeni layihələrin gecikdiyini və investisiya axınlarının zəiflədiyini göstərir.
Çoxsaylı mənbələrin bildirdiyinə görə, aşağı neft qiymətləri həm dövlət büdcəsinə, həm də suveren fondlara təzyiq yaratdığı üçün bəzi layihələr ya təxirə salınıb, ya da prioriteti aşağı salınıb. Mütəxəssislər də təsdiqləyir:
“Aşağı prioritetli layihələr ləğv olunacaq, digərlərinin isə icra müddəti uzadılacaq ki, illik maliyyə yükü azalsın.”
Bu proseslərin region ölkələrinə təsiri
Görünən budur ki, ərəb ölkələrinin uzun müddətdir hazırlaşdığı neft şokunun reallaşması çox yaxınlaşıb və bu, xüsusilə neft-qaz sektorundan yüksək dərəcədə asılı olan Azərbaycan, Türkmənistan, Özbəkistan və Qazaxıstan kimi ölkələr üçün ciddi risklər yaradır.
Enerji resursları olmayan Gürcüstan da təsirdən kənarda qalmayacaq, çünki ölkənin maliyyə dövriyyəsinin böyük hissəsi qonşu neft ixrac edən dövlətlərdən gəlir. Regional maliyyə axınlarının zəifləməsi Gürcüstan iqtisadiyyatına da təzyiq göstərəcək.
Belə bir şəraitdə insanların daşınmaz əmlak, bahalı avtomobil və brend mallara tələbi azalacaq. Hətta bəzi böyük sektorlar üzrə işçi ixtisarları gündəmə gələ bilər.
Türkmənistan bu baxımdan nisbətən daha az risk altındadır, çünki ixrac etdiyi nefti hətta 37–40 dollar aralığında satsalar belə, ölkənin zəruri xərclərini ödəməyə kifayət edir. Azərbaycan üçün isə bu hədd təxminən 2 dəfə daha yüksəkdir.
Daşınmaz əmlak sektorunda real eniş artıq başlayıb
IBF-in araşdırmalarına əsasən, neft qiymətlərinin düşməsindən ən çox zərər görən sahə qeyri-neft sektoru içində daşınmaz əmlakdır. Artıq qiymət enişi hər həftə hiss olunur.
Son araşdırmalara görə, Rusiya ilə yanaşı hətta enerji sektorundan asılılığı az olan Gürcüstanda belə daşınmaz əmlak və kirayə qiymətləri enməyə başlayıb. Kirayələrinin 63%-nin turistlər tətəfindən tutulduğu Tbilisinin mərkəzində belə son həftələrdə qiymətlər düşməkdə davam edir.
Bu, bölgədə daşınmaz əmlak bazarında uzun müddət şişirdilmiş qiymətlərin tədricən əriməyə başladığını göstərir. Eyni zamanda proqnozlara görə:
Qiymət düşüşünün indiki sürəti hələ də real riskləri tam əks etdirmir və müəyyən müddətdən sonra enişin kəskinləşəcəyi ehtimal olunur.
Tikinti şirkətləri üçün daha ağır dövr başlayır
Bu şəraitdə insanlar daha ucuz qiymətə ev almaq üçün gözləmə mövqeyinə keçir. Nəticədə kreditlə maliyyələşən tikinti şirkətləri ödəniş təzyiqləri səbəbindən qiymətləri aşağı salmağa məcbur olacaq. Bu isə zəncirvari təsir yaradaraq sektoru böhrana sürükləyə bilər.
Digər risk faktorları
Bundan başqa, bazara təsir edən digər mühüm amillər də mövcuddur:
qlobal inflyasiyanın yüksəlməsi
xidmət sektorunda qiymət artımları
şirkətlərin qeyri-müəyyənlik fonunda xərcləri minimuma endirməsi
əhalinin gəlirlərinin azalması
yüksək faizli kreditlərlə alınmış evlərin ödəniş problemləri
təkrar mənzil bazarına çoxlu sayda evin satışa çıxması
Bütün bunlar birlikdə təklifi artırır, lakin tələb aşağı olduğu üçün qiymətləri daha da aşağı çəkir.
Bu gün region artıq neft şokunun ilkin dalğasını hiss etməyə başlayıb. İqtisadi göstəricilər, layihələrin dondurulması, neft gəlirlərinin azalması və əhali davranışındakı dəyişikliklər göstərir ki, qarşıdakı aylarda daşınmaz əmlak bazarında daha kəskin qiymət düşüşü gözlənilir. Bu prosesin təsirləri isə bütün Qafqaz və Mərkəzi Asiyanı əhatə edəcək.
Nəticə olaraq, qarşıdakı dövr həm ehtiyatlı olmağı, həm də strateji düşünməyi tələb edir. Şəxsi maliyyə qərarları, investisiya addımları bu yeni reallığa uyğunlaşdırılmalıdır ki, region ölkələri əhalisi növbəti illəri daha az itki ilə qarşılasın.
Mənbələr :
https://documents1.worldbank.org/curated/en/285561617602569676/pdf/Azerbaijan-Rapid-Housing-Needs-and-Demand-Assessment-Baku-Pilot.pdf?fbclid=IwAR0Go1YdqFko6ForoDU1tAJDVPBYakJdnemW7BY5BdnhN6hh_r0WXx4El7I
https://www.reuters.com/world/americas/us-launch-new-phase-venezuela-operations-sources-say-2025-11-22
https://www.businessinsider.com/russia-oil-price-putin-ukraine-war-urals-crude-2025
https://openknowledge.worldbank.org/entities/publication/3dfebf93-5c17-48a5-94b9-0e403ada23c2
https://zerocarbon-analytics.org/energy/oil-prices-government-finances-in-the-middle-east-and-central-asia/#:~:text=Key%20points:,to%20the%20International%20Monetary%20Fund.
https://seekingalpha.com/news/4503056-saudi-aramco-is-said-to-pauses-domestic-chemicals-projects-amid-oil-price-pressures
https://www.oxfordeconomics.com/resource/global-construction-outlook-q2-2025/
https://www.imarcgroup.com/russia-real-estate-market
https://www.globalpropertyguide.com/europe/russia/price-history











Zəhmət olmasa, növbəti məqalələrdə xüsusi olaraq Azərbaycanda daşınmaz əmlak bazarını daha detallı təhlil edəsiniz. Bizdə demək olar ki, əhalinin 80%-i investisiyanı məhz daşınmaz əmlaka yönəldir. 1990-cı illərdən bu günə qədər isə qiymətlərin əsasən sabit şəkildə artması səbəbindən onun azalmasına inanmaq çətindir. Hər kəsin ev sahibi olmaq istəyi artıq ənənə kimi bir şeydir
Ümumi nəticəyə gəlməzdən əvvəl real rəqəmlərin nə göstərdiyini bilmək istərdim :)
Çox dəyərli təhlilə görə təşəkkürlər!