Jesse Livermore – Wall Street-in Ən Böyük Əfsanəsi
Milyardlar Qazanıb, Hamısını İtirən Treyder
Bəzi insanlar bazarı izləyir. Bəziləri isə bazarın tarixini yazır. Jesse Livermore ikinci qrupa aid idi. O, nə Harvard məzunu idi, nə də böyük bankın rəhbəri. Cəmi ibtidai təhsil almış kasıb bir gənc idi. Buna baxmayaraq, XX əsrin əvvəllərində Wall Street-in ən qorxulan və ən hörmət edilən treyderinə çevrilmişdi. O, bazar çöküşlərini əvvəlcədən görür, milyonlarla dollar qazanır, sonra isə demək olar ki, hər şeyini risk edərək itirirdi. Onun həyatı həm uğurun, həm də riskin ən parlaq nümunəsidir.
Kasıb ailədən Wall Street əfsanəsinə gedən yol
Jesse Livermore 26 iyul 1877-ci ildə ABŞ-ın Massaçusets ştatında kasıb fermer ailəsində dünyaya gəldi. Maddi imkanlar məhdud olduğundan yalnız ibtidai təhsil ala bildi. 14 yaşında ailəsini tərk edərək Bostona getdi və broker şirkətində ən sadə işlərdən birinə başladı. Onun vəzifəsi fond birjasından gələn qiymətləri lövhəyə yazmaq idi. Əksəriyyət üçün bu monoton iş idi. Livermore üçün isə bu, gələcəyinin universiteti oldu. O, saatlarla qiymətlərin necə dəyişdiyini izləyir, bazarın ritmini öyrənirdi. Qısa müddətdə başa düşdü ki, qiymətlər təsadüfi hərəkət etmir. Bazarın öz psixologiyası və davranışı var.
İlk qazanc
Cəmi 15 yaşında ilk əməliyyatını həyata keçirdi. Qazancı cəmi 3,12 dollar idi. Bu məbləğ böyük görünməsə də, Livermore sonralar yazırdı ki, həmin gün qazandığı dərs milyonlarla dollardan daha qiymətli idi. Bir il sonra artıq işindən ayrıldı və yalnız treydinqlə məşğul olmağa başladı. O dövrdə investorların istifadə edə biləcəyi maliyyə hesabatları, gəlir proqnozları və ya müasir analitik platformalar yox idi. Livermore şirkətləri deyil, qiymətləri öyrənirdi. Onun fikrincə “Qiymət hər şeyi bilir” prinispi ən doğru prinsip idi. O, bazarın hansı istiqamətə getdiyini qiymət davranışından müəyyən etməyə çalışırdı. Bu yanaşma sonralar texniki analizin əsas prinsiplərindən birinə çevrildi. Bir müddət sonra artıq hər riskin milyonlara çevrildiyi ( həm qazancda , həm də itkidə) dövrə çatmışdı. 1900–1940-cı illər arasında Livermore üç dəfə böyük sərvət qazandı. Və üç dəfə də həmin sərvətləri demək olar ki, tamamilə itirdi. Bu fakt onun nə qədər cəsarətli treyder olduğunu göstərsə də, eyni zamanda risk idarəetməsinin əhəmiyyətini də ortaya qoyurdu.
1907-ci il – İlk böyük zəfər
1906-cı ildə ABŞ bazarında böyük optimizm hökm sürürdü. Əksər investorlar qiymətlərin sonsuza qədər yüksələcəyini düşünürdü. Livermore isə bazarın zəiflədiyini hiss etdi. O, Union Pacific səhmlərində böyük short mövqeyi açdı. İki gün sonra San-Fransiskoda dağıdıcı zəlzələ baş verdi. Bu zəlzələ onun proqnozunun sürətlənməsinə səbəb oldu. Bazar sürətlə çökdü. Livermore isə təxminən 300 min dollar qazandı. Bu, həmin dövr üçün inanılmaz məbləğ idi.
Wall Street-in “Ayısı”
1907-ci il maliyyə panikası zamanı Livermore yenidən bazarın enəcəyini proqnozlaşdırdı. O, böyük short mövqeləri ilə bir gündə təxminən 1 milyon dollar qazandı. Lakin hadisələr bununla bitmədi. Məşhur bankir J.P. Morgan bazardakı panikanın qarşısını almaq üçün Livermore-dan short mövqelərini bağlamasını xahiş etdi. Livermore bunu qəbul etdi. Daha sonra bazar bərpa olunanda yüksəlişdən də milyonlarla dollar qazandı. Bu hadisədən sonra ona “Wall Street-in Ayısı” ləqəbi verildi.
Tarixi dəyişən əməliyyat – 1929
1929-cu ildə ABŞ fond bazarında böyük köpük yaranmışdı. Hamı səhmlərin yalnız yüksələcəyinə inanırdı. Livermore isə bazarda zəiflik hiss edirdi. Əvvəlcə kiçik həcmdə short əməliyyatları açdı. Hətta bu prosesdə təxminən 250 min dollar itirdi. Lakin fikrini dəyişmədi. O, tədricən böyük short mövqeyi toplamağa davam etdi. 29 oktyabr 1929-cu ildə tarixə Black Tuesday kimi düşən gün gəldi. ABŞ fond bazarı tarixinin ən böyük çöküşlərindən birini yaşadı. Milyonlarla investor bütün sərvətini itirdi. Livermore isə həmin gün təxminən 100 milyon dollar qazandı. Bugünkü pulla bu məbləğ təxminən 1,5 milyard dollara bərabər hesab olunur. Bu, Wall Street tarixinin ən məşhur treydlərindən biri sayılır.
Bəs necə oldu ki, hər şeyini itirdi?
Ən maraqlı sual da budur. Əgər bazarı bu qədər yaxşı oxuyurdusa, niyə sərvətini qoruya bilmədi? Cavab isə çox sadədir. Livermore bazarı çox yaxşı başa düşürdü. Amma hər zaman öz emosiyalarını idarə edə bilmirdi. Yenə də bazarda uğurun 90%-nin asılı olduğu psixologiya zəifliyi öz işini gördü. O, uğur qazandıqca daha böyük risklər almağa başladı. Leverage artırdı. Bəzən qaydalarını özü pozurdu. Ən böyük səhvlərini isə məhz öz sisteminə əməl etmədiyi vaxtlarda edirdi.
SEC dövrü və son eniş
1934-cü ildə ABŞ-da SEC yaradıldı. Fond bazarında ciddi qaydalar tətbiq olunmağa başladı. Livermore-un sərbəst ticarət etdiyi dövr artıq başa çatmışdı. Bir neçə uğursuz əməliyyatdan sonra maliyyə vəziyyəti sürətlə pisləşdi. 1940-cı ildə artıq müflis idi. Həmin ilin noyabr ayında isə həyatına faciəvi şəkildə son qoydu.
Kitabı niyə bu qədər məşhurdur?
Livermore-un həyatından ilhamlanaraq Edwin Lefevre “Reminiscences of a Stock Operator” kitabını yazdı. Bu kitab bu gün də dünyanın ən məşhur investisiya kitablarından biri hesab olunur.
William J. O’Neil belə deyirdi: “45 illik karyeram ərzində həqiqətən dəyərli hesab etdiyim cəmi 10–12 kitab görmüşəm və onların arasında Reminiscences xüsusi yer tutur.” Bu gün də Warren Buffett-dən tutmuş Paul Tudor Jones-a qədər bir çox peşəkar investor bu kitabı tövsiyə edir.
Jesse Livermore-un bazar fəlsəfəsi
Onun uğurunun sirri mürəkkəb düsturlarda deyildi. Əsas prinsipləri çox sadə idi:
Trendə qarşı yox, trend ilə hərəkət et.
Zərəri kiçik saxla, qazanan mövqeləri böyüt.
Bazarla mübahisə etmə.
Emosiyalarını idarə edə bilməyən investor bazarı məğlub edə bilməz.
Ən böyük pullar gündəlik alqı-satqıdan deyil, düzgün mövqeni səbirli şəkildə saxlamaqdan qazanılır.
Bu fikirlər yüz ildən çox vaxt keçməsinə baxmayaraq bu gün də aktuallığını qoruyur. Jesse Livermore-un həyatı bir paradoksdur. O, tarixdə bazarı ən yaxşı oxuyan insanlardan biri idi. Lakin eyni zamanda tarixdə ən böyük sərvətlərdən bir hamısını itirən treyderlərdən də biri oldu. Onun hekayəsi bizə göstərir ki, fond bazarında uğur qazanmaq üçün təkcə bazarı başa düşmək kifayət deyil. Risk idarəetməsi, nizam-intizam və emosional nəzarət uzunmüddətli uğurun əsas şərtləridir. Bəlkə də Jesse Livermore-un ən böyük mirası qazandığı milyonlar deyil, bazar haqqında qoyub getdiyi dərslərdir. Bu səbəbdən o, bu gün də Wall Street tarixinin ən çox öyrənilən və ən çox sitat gətirilən treyderlərindən biri olaraq qalır.



