Gizli reklam nədir ?
Gizli reklam məhsulun, xidmətin və ya investisiyanın reklam məqsədilə təqdim edilməsi, lakin auditoriyaya bunun kommersiya xarakterinin bildirilməməsidir. ABŞ Federal Ticarət Komissiyasına görə, reklam edən şəxslə şirkət arasındakı maliyyə, əməkdaşlıq və digər əhəmiyyətli əlaqələr aydın şəkildə açıqlanmalıdır. Bu əlaqələrə birbaşa ödəniş, satış komissiyası, pulsuz məhsul, endirim və müxtəlif imtiyazlar daxil ola bilər. Məsələn, bank məhsullarından , tikinti şirkətindən və digər maliyyə xidməti sektorundan pul alan maliyyəçinin həmin şirkətin layihəsini müstəqil investisiya tövsiyəsi kimi təqdim etməsi gizli reklam əlamətləri yaradır. Eyni qayda şirkətdən komissiya alan şəxsin riskli istiqrazları təhlükəsiz gəlir mənbəyi kimi tanıtmasına da aid olur. Buna görə hər hansı tövsiyəni qiymətləndirərkən onun arxasında açıqlanmayan maddi marağın olub-olmadığını araşdırmaq vacibdir.
FTC — İnfluenserlər üçün açıqlama qaydaları
2. Wall Street şirkətləri maraqlar toqquşmasına görə təxminən 1,4 milyard dollar cərimə ödəməyə razılaşıblar
2003-cü ildə Goldman Sachs, JPMorgan, Morgan Stanley, Merrill Lynch və digər qurumların daxil olduğu 10 investisiya şirkəti maraqlar toqquşması ilə bağlı dövlət tənzimləyicilərinin cəzası ilə üzləşib. Araşdırmaya əsasən məlum olub ki, investorların müstəqil hesab etdiyi səhm təhlillərinə bankların həmin şirkətlərlə kommersiya münasibətləri təsir göstərib - yəni səhm təhlil edən şirkətlərə banklar pul ödəyib. Cərimə razılaşmasının ümumi həcmi təxminən 1,4 milyard dollar təşkil edib. Məbləğin 487,5 milyon dolları birbaşa cərimələrə, 387,5 milyon dolları geri ödənişlərə, 432,5 milyon dolları müstəqil araşdırmalara, 80 milyon dolları isə investorların maarifləndirilməsinə ayrılıb. Yəni 1,4 milyard dolların hamısı cərimə olmasa da, maliyyə şirkətləri ciddi sanksiyalar və nəzarət tədbirləri ilə üzləşiblər. Hadisə göstərib ki, nüfuzlu maliyyə qurumunun verdiyi investisiya tövsiyəsi də kommersiya maraqlarından təsirlənə bilər.
SEC — 2003-cü il analitik araşdırmaları üzrə razılaşma
3. Ödənişli səhm reklamları müstəqil maliyyə araşdırması kimi yayımlanıb
2017-ci ildə SEC ödənişli səhm reklamlarını obyektiv maliyyə təhlili kimi təqdim edən sxemlərlə bağlı 27 şəxs və təşkilata qarşı tədbirlər gördüyünü açıqlayıb. Araşdırmaya əsasən, şirkətlər öz səhmlərini tanıtmaq üçün kommunikasiya firmaları ilə əməkdaşlıq edib, həmin firmalar isə müəlliflərə müsbət məqalələr yazdırıblar. Oxucular bu yazıları müstəqil araşdırma hesab etsələr də, müəlliflər şirkətlər tərəfindən birbaşa və ya dolayı şəkildə maliyyələşdiriliblər. SEC-in məlumatına görə, 250-dən çox məqalədə müəlliflərin ödəniş almadığı barədə yanlış məlumat verilib. Bəzi hallarda kommersiya münasibətlərini gizlətmək üçün saxta analitik kimliklərindən də istifadə edildiyi bildirilib. Bu hadisə göstərir ki, “müstəqil araşdırma” adı ilə yayımlanan hər məqalə həqiqətən müstəqil olmaya bilər.
SEC — Ödənişli səhm məqalələri ilə bağlı araşdırma
4. Yaşayış layihəsi təhlükəsiz investisiya kimi təqdim edilərək 100 milyon dollardan çox vəsait toplayıb.
Sanctuary Belize layihəsi investorlara lüks yaşayış və istirahət kompleksi, təhlükəsiz sərmayə və gələcəkdə böyük qazanc imkanı kimi təqdim olunub. Alıcılara layihənin tezliklə tamamlanacağı, infrastrukturun qurulacağı və əmlak qiymətlərinin iki və ya üç dəfə artacağı vəd edilib. Bu təqdimatlar nəticəsində insanlar layihəyə 100 milyon dollardan çox vəsait yatırıb. Sonradan vəd edilən imkanların böyük hissəsi reallaşmayıb və bir çox investor aldığı əmlakı sata bilməyib. Federal məhkəmə 2020-ci ildə layihənin aldadıcı şəkildə təqdim edildiyini müəyyənləşdirib, FTC isə 2026-cı ildə zərərçəkənlərə təxminən 23 milyon dolların qaytarıldığını açıqlayıb. Hadisə göstərir ki, yaşayış kompleksinin “mütləq bahalaşacaq” və “risksiz investisiyadır” kimi təqdim edilməsi böyük maliyyə itkilərinə səbəb ola bilər.
FTC — Sanctuary Belize və Kanantik layihələri
5. Daşınmaz əmlak agentlərinə gizli yönləndirmə ödənişləri böyük cərimələrlə nəticələnib
Freedom Mortgage şirkəti daşınmaz əmlak agentlərinə ( Maklerlərə ) potensial ev alıcılarını öz ipoteka xidmətlərinə yönləndirmələri üçün pul və müxtəlif üstünlüklər təqdim edib. Bu üstünlüklərə birbaşa ödənişlər, ödənişli xidmətlər , endirimlər və tədbirlərin maliyyələşdirilməsi daxil olub. Ev alan şəxslər agentin tövsiyəsini obyektiv seçim hesab etsələr də, həmin yönləndirmənin arxasında maddi maraq dayanıb. ABŞ İstehlakçıların Maliyyə Müdafiəsi Bürosu 2023-cü ildə Freedom Mortgage şirkətinə 1,75 milyon dollar cərimə tətbiq edib. Realty Connect şirkəti isə qanunsuz üstünlükləri ( pulsuz və ya endirimli evlər ) qəbul etdiyinə görə əlavə 200 min dollar cərimələnib. Bu hadisə daşınmaz əmlak əməliyyatlarında şəxsi tövsiyə kimi görünən yönləndirmələrin əslində açıqlanmayan kommersiya münasibətləri ilə əlaqəli ola biləcəyini göstərir.
CFPB — Freedom Mortgage və Realty Connect işi
6. Yüksək faizli istiqrazlar investorların bütün vəsaitini itirməsi ilə nəticələnə bilər
GWG Holdings tərəfindən buraxılan L Bonds istiqrazları müddətindən asılı olaraq illik 5,5–8,5% gəlir təklif edib. Rəsmi araşdırmalara görə, bu istiqrazlar yüksək riskli, kredit reytinqi olmayan və asanlıqla satılması mümkün olmayan maliyyə məhsulları idi. Buna baxmayaraq, bəzi brokerlər onları pensiya yaşında olan və yüksək riskə uyğun olmayan müştərilərə tövsiyə ediblər. GWG Holdings 2022-ci ilin aprelində müflisləşmə müraciət edib. Texas State Securities Board 2026-cı ildə Landolt Securities şirkətinə və iki agentə qarşı sanksiya tətbiq edib, müəyyən müştərilərə geri ödəniş edilməsini tələb edib. Bu nümunə göstərir ki, yüksək faizli istiqrazları tərifləyən şəxslər onların defolt, likvidlik və kapital itkisi risklərini də aydın şəkildə izah etməlidirlər.
Texas State Securities Board — GWG L Bonds istiqrazları
7. Riskli istiqrazları pensiyaçılara tövsiyə edən maliyyə şirkətləri ayrıca cərimələnib
Lion Street Financial şirkətinin GWG tərəfindən buraxılan yüksək riskli istiqrazları bəzi pensiya yaşlı müştərilərə tövsiyə etdiyi müəyyənləşdirilib. SEC şirkətin məhsulun risklərini lazımi səviyyədə araşdırmadığını və maraqlar toqquşmasına qarşı tədbirlərinin yetərsiz olduğunu bildirib. Lion Street Financial 2024-cü ildə 135 min dollar cərimə və əlavə olaraq təxminən 18,6 min dollar geri ödəniş və faiz ödəməyi qəbul edib. Western International Securities adlı başqa şirkət və brokerləri isə fərdi investorlara təxminən 13,3 milyon dollarlıq riskli GWG istiqrazları satıblar. Həmin şirkət və brokerlər ümumilikdə 327.280 dollardan çox geri ödəniş, faiz və cərimə ödəyiblər. Bu hadisələr göstərir ki, müştərinin maliyyə vəziyyətinə uyğun olmayan yüksək riskli məhsulların təşviqi ciddi hüquqi nəticələr yarada bilər.
SEC — Lion Street Financial işi
SEC — Western International Securities işi
8. “Ən yaxşı maliyyə məhsulları” reytinqi ödənişə görə formalaşdırılıb
LendEDU platforması istifadəçilərə kreditlər və digər maliyyə məhsulları barədə obyektiv müqayisə təqdim etdiyini bildirirdi. FTC-nin araşdırmasına əsasən, şirkətlər daha yüksək mövqe tutmaq üçün platformaya ödəniş ediblər. Bir nümunədə şirkət hər klik üçün 15 dollar ödədikdən sonra reytinqdə birinci yerdə saxlanılıb. Platformada yerləşdirilən bəzi müsbət rəylərin də müstəqil istifadəçilərin fikri olmadığı müəyyənləşdirilib. FTC 2020-ci ildə yekun razılaşma çərçivəsində LendEDU-dan 350 min dollar ödəniş tələb edib. Bu hadisə göstərir ki, “ən yaxşı bank”, “ən sərfəli kredit” və “ən etibarlı platforma” siyahıları bəzən xidmət keyfiyyətinə yox, ödənilən reklam məbləğinə əsaslana bilər.
FTC — LendEDU üzrə yekun qərar
FTC — Ödənişli reytinqlərin necə formalaşdırıldığı
9. Məşhurlar açıqlanmayan kriptovalyuta reklamlarına görə cərimələniblər
Kim Kardashian 2022-ci ildə EthereumMax tokeni ilə bağlı paylaşım üçün aldığı 250 min dolları lazımi qaydada açıqlamadığına görə ümumilikdə 1,26 milyon dollar ödəməyi qəbul edib. SEC bildirib ki, müəyyən investisiya məhsullarını təbliğ edən şəxslər aldıqları ödənişin xarakterini, mənbəyini və məbləğini açıqlamalıdırlar. Oxşar işdə Floyd Mayweather müxtəlif kriptovalyuta layihələrindən aldığı 300 min dolları, DJ Khaled isə 50 min dollarlıq reklam ödənişini açıqlamayıb. Nəticədə Mayweather təxminən 615 min dollar, DJ Khaled isə təxminən 153 min dollar geri ödəniş, faiz və cərimə ödəməyi qəbul edib. Bu nümunələr göstərir ki, məşhur şəxsin investisiya məhsulunu tərifləməsi onun təhlükəsiz və ya müstəqil şəkildə seçildiyini sübut etmir. Auditoriyanın reklam münasibətindən ( reklam edənin marağının nə olduğu ) xəbərdar olması investisiya qərarının obyektiv qiymətləndirilməsi üçün əsas şərtlərdən biridir.
SEC — Kim Kardashian və EthereumMax
SEC — Floyd Mayweather və DJ Khaled
10. Eyni məhsulu tərifləyən influenserlər təşkil olunmuş reklam kampaniyasının iştirakçısı ola bilərlər
Lord & Taylor şirkəti 50 influenserə eyni paltarı göndərib və hər birinə 4.000 dollar ödəniş edib. Paylaşımlar şəxsi seçim kimi görünsə də, onların reklam xarakteri auditoriyaya aydın şəkildə bildirilməyib. FTC-nin məlumatına görə, kampaniya iki gün ərzində 11,4 milyon Instagram istifadəçisinə çatıb. Warner Bros. ilə bağlı başqa bir işdə YouTube video yaradıcılarına video-oyun barədə müsbət icmallar hazırlamaq üçün ödəniş edildiyi, lakin sponsorluğun kifayət qədər aydın göstərilmədiyi bildirilib. Həmin videolar ümumilikdə 5,5 milyondan çox izlənmə toplayıb. Bu nümunələr göstərir ki, eyni məhsulun, yaşayış kompleksinin və ya investisiya alətinin müxtəlif tanınmış şəxslər tərəfindən eyni vaxtda təriflənməsi koordinasiyalı reklam kampaniyası ola bilər.
FTC — Lord & Taylor və 50 influenser
FTC — Warner Bros. və sponsorlu YouTube videoları
Hər hansı investisiya qərarı verməzdən əvvəl tövsiyə edən şəxsin həmin şirkət və ya məhsulla maddi əlaqəsinin olub-olmadığını araşdırın. “Zəmanətli qazanc”, “risksiz investisiya” və “mütləq bahalaşacaq” kimi ifadələrə ehtiyatla yanaşın. Səhm, istiqraz və ya daşınmaz əmlak barədə məlumatları müstəqil mənbələrdən yoxlayın və mümkün riskləri qiymətləndirin. Unutmayın ki, tanınmış şəxsin tövsiyəsi investisiyanın etibarlı olduğuna zəmanət vermir. Pulunuzu başqalarının sözünə deyil, öz araşdırmanıza əsaslanaraq yatırın.

