Fırıldaqçı Robert Kiyosakinin "axmaq" məsləhətlər verən “Varlı Ata , Kasıb Ata (Rich Dad, Poor Dad) ” kitabı
Tənqidi baxış, fakt yoxlaması, metodologiya və alternativ tövsiyələr
Yəqin çoxunuz Robert Kiyosakinin “Varlı Ata, Kasıb Ata“ kitabı haqqında eşitmisiniz və ya oxumusunuz. Mən illər əvvəl oxumuşdum amma sözün açığı 2-ci dəfə oxumaq üçün bir səbəb görmədim. Əslində belə bir fikir var ki, özünü maliyyə tərəfdən inkişaf kitabı yaxşı kitabdısa, onu mütləq bir neçə dəfə oxuyursan. Çünki bu tip kitablar bədii kitablar deyil və mütəmadi olaraq müəyyən bir vaxt intervalı ilə yenidən vərəqləməlisən və ya tam oxumalısan ki, yaddaşında təzələnsin.
Belə kitabların ən yaxşlarından biri mənə görə tələbəlik illərində oxuduğum “Babilin ən varlı adamı“ (The Richest Man In Babylon) kitabı olmuşdu. Səhv etmirəmsə, bu kitabı müxtəlif vaxtlarda oxumaqla ən azı 5-6 dəfə tam təkrar oxumuşam. Çox sadə dildə yazılan balaca bir kitab idi, amma çox maraqlı idi. Oxumamısınızsa, alıb oxumağınız məsləhətdir. Xoşunuza gəlməsə də ən azından bestseller bir kitab haqqında məlumatınız olar.
“Varlı Ata, Kasıb Ata“ kitabı isə məndə qətiyyən təkrar oxumaq arzusu yaratmayıb. Bir neçə il bundan qabaq isə Robert T. Kiyosakinin sadəcə fırıldaq yolları ilə kitabını məşhurlaşdırdığı və milyonlarla satılmasına nail olduğu, əslində isə maliyyə savadının çox aşağı olması və insanlara təhlükəli və çox riskli yollar məsləhət gördüyü ilə bağlı bir məqalə oxumuşdum və dərhal daha geniş araşdırmağa başladım. İnternetdə onun fikirlərinə qarşı gözlədiyimdən də çox tənqidi yazılar çıxdı. Hətta bir müddət sonra artıq forumlarda və eləcə də özünün paylaşdığı statusların şərhlərində insanların onu fikirləri ilə zarafatlaşdığını (ələ saldığını) gördüm.
Bugün isə izlədiyim bir maliyyə analitiki Kiyosakinin bir neçə ay öncə “ABŞ iqtisadiyyatı tezliklə çökəcək“ fikrini göstərən bir paylaşımını yenidən paylaşaraq “Kiyosakinin bu postundan sonra ABŞ iqtisadiyyatı 30% daha da böyüyüb“ şərhi bildirdiyini görəndə köhnə araşdırmam yadıma düşdü.
Robert T. Kiyosakinin “Varlı Ata, Kasıb Ata“ mifini dağıdan ən güclü və məşhur yazı John T. Reed-in yazdığı bir neçə hissəlik “Kiyosakinin Rich Dad, Poor Dad kitabına analiz“ məqaləsi olub. Məqaləni ən sonda mənbələr siyahısındakı linkdən oxuya bilərsiniz. Məqalənin qısa xülasəsi təxminən belədir:
“Rich Dad, Poor Dad mənim oxuduğum ən “axmaq” maliyyə məsləhəti kitablarından biridir. Orada çoxlu faktik səhvlər və guya baş vermiş hadisələr barədə olduqca qeyri-real hekayələr var.
Kiyosaki satıcı və motivasiyaçı natiqdir. Maliyyə üzrə peşəkar səriştəsi yoxdur və guya daşınmaz əmlakda və digər investisiyalarda uğurlarını açıqlamır.
Kitabda çoxlu yanlış məsləhətlər, pis məsləhətlər, hətta təhlükəli məsləhətlər var; yaxşı məsləhət isə demək olar ki, yoxdur.”
Onun haqqında tapa bildiyim demək olar ki, hər şeyi oxumuşam. İndi kitab haqqında müxtəlif tənqidi araşdırmalardan topladığım bəzi fikirləri bölüşüm.
O, insanları böyük risklər götürməyə təşviq edir. Əsas fikirlərindən biri “Böyük risk et - Böyük bat“ fikridir ki, heç bir ağlı başında olan maliyyə mütəxəssisi bu fikri dəstəkləməz.
Onun vergi məsləhətləri şübhəlidir, hətta cinayətdir. Rich Dad, Poor Dad kitabında tez-tez təkrarlanan mesajlardan biri budur: varlılar demək olar ki, heç vergi ödəmir. Və əgər varlı olmaq istəyirsənsə, sən də ödəməməlisən. Kiyosaki vergidən yayınmaq üçün bütün xərcləri korporativ xərc kimi bəyan etməyi məsləhət görür və deyir: “Bu, zənginlərin istifadə etdiyi ən böyük qanuni vergi boşluqlarından biridir.” Kiyosakiyə qulaq asmaq əvəzinə, qanuni və vergi üstünlüklü investisiya yollarından istifadə etmək olar. Məsələn, Roth IRA (individual retirement account - fərdi təqaüd hesabı) hesabınıza hər ay pul ödəyə bilərsiniz ki, bu məbləğ vergi ödənişindən azaddır və təqaüdə çıxanda bütün pulunuzu vergisiz nəğdləşdirmə imkanı verir. Belə qanuni və risksiz yollar çoxdur.
Qanunpozma təklifləri edir. Tətil xərclərini və fitnes klub haqlarını xərclərə yazmağı (vergi fırıldağını) tövsiyə edir. “Şərik hiylə”si ilə öyünür: guya pişiyi onun “partnyoru”dur.
Etik olmayan yanaşmanı tərifləyir – daxili məlumata əsasən al-sat etmək üçün varlı dostlarınız olsun deyir və “dostlar elə bunun üçündür” deyir.
Kitabın həmmüəllifi Sharon Lechter tərəfindən məhkəməyə verilib – 04.09.2008-də Kiyosaki məbləği açıqlanmayan pulu Lechter-ə ödəyərək işi barışıqla bağlayıb.
Əslində onun “Poor Dad” dediyi öz atası heç də kasıb deyil. Atası Stanford, Çikaqo və Northwestern universitetlərini tam təqaüdlə bitirib, sonda PhD alıb. Təhsildə karyera quraraq Havay Ştatının Təhsil Departamentinə rəhbərlik edib. Kiyosakilər ailəsinin yaşadığı ev də varlıların yaşadığı ev tipində olub.
“Rich Dad” real həyatda mövcud deyil. Varlı atanın sahib olduğu bizneslərin qarışığı o dövr üçün mümkünsüzdür: “convenience store, restoran və tikinti şirkəti”. “Convenience store” anlayışı 1960-larda yayılıb və o dövrdə Kiyosaki bu ifadəni ümumi mənada “məhlə marketi” kimi istifadə edir. Bu da kitabda uydurma hissələrin olduğunu göstərir. Buna görə kitab faktiki bədii kitab sayılmalıdır.
Kiyosakinin ən böyük “aktiv”i onun öz marketinq bacarığı olub. Bizim isə ən böyük aktivimiz düşünməyi, araşdırmağı və həqiqəti yalandan ayırmağı bacarmağımızdır. O , bəlkə də milyonlarla kitab satıb, amma bu hələ onun dediklərinin düzgün olduğunu sübut etmir. Əksinə, bütün bu faktlar göstərir ki, bestseller olmaq həmişə “doğru məsləhət vermək” anlamına gəlmir.
Sonda demək olar ki, “Varlı Ata, Kasıb Ata” insanlara maliyyə azadlığı yox, daha çox maliyyə illüziyası satır. Əsl varlılıq isə sadə qaydalara əməl etməkdə, risklərlə ağıllı davranmaqda və dürüst biliklər toplamaqdadır.
Mənbələr :
https://johntreed.com/blogs/john-t-reed-s-real-estate-investment-blog/61651011-john-t-reeds-analysis-of-robert-t-kiyosakis-book-rich-dad-poor-dad-part-1
https://www.theglobeandmail.com/investing/markets/markets-news/Motley%20Fool/29597761/3-reasons-not-to-listen-to-robert-kiyosaki/
https://www.reddit.com/r/Fire/comments/1911cks/opinions_on_robert_kiyosaki/
https://www.quora.com/Is-Robert-Kiyosaki-the-real-deal-Should-I-invest-my-time-in-his-writings



Bu kitabı oxuyub nəsə anlamdinizisa demək problem sizdə dir