Dünyanın ən böyük farmasevtik sahəsi — dərman dünyasının “Nvidiası” - Onkologiyadır.
Niyə Böyük Şirkətlər Azərbaycan, Gürcüstan, Moldova kimi bazarlara girmir?
Qlobal farmasevtik bazarın 2025-ci ilin sonunda 1.8 trilyon ABŞ dollarına çatacağı gözlənilir. Bu rəqəmin 7 il sonra yəni 2033-cü ildə 4.5 Trillion dolları keçəcəyi gözlənilir
Artımın əsas səbəbləri: qocalan dünya əhalisi, xroniki xəstəliklərin çoxalması (xərçəng, diabet və s.) və biotexnologiya sahəsində sürətli yeniliklərdir.
ABŞ bu sahədə bazar dəyərinə görə dünyada liderdir və qlobal farmasevtik xərclərin təxminən 50%-ni təşkil edir. Çin isə ikinci böyük bazardır. Ən böyük gəlir gətirən farmasevtik 5 əsas sahə bunlardır :
1- Onkologiya (xərçəng müalicəsi)
Dünyada ən böyük gəlir gətirən farmasevtik sahədir. 2025-ci ildə xərçəng dərmanlarına xərclər 294 milyard dollar olub. 2029-cu ilə olan proqnoz isə nə az nə çox tam yarım trillion dollardı ( 441 milyard dollardan çox ).
2- İmmunologiya (Autoimmun xəstəliklərin müalicəsi).
Qlobal illik gəlir: 170–180 milyard dollardır. Xroniki autoimmun xəstəliklər artdığı üçün bazar davamlı böyüyür. Yəni İmmunologiya – onkologiyadan sonra dünyanın 2-ci ən böyük dərman bazarıdır.
3- Diabet dərmanları.
İllik gəlir 150–160 milyard dollardır. GLP-1 dərmanlarının (Ozempic, Wegovy, Mounjaro) populyarlığı səbəbilə diabet sahəsi çox böyüyüb.
4- Ürək-damar dərmanları.
Hələ də böyük bir bazardır, amma artım onkoloji və immunologiya qədər sürətli deyil. İllik gəlir 130–140 milyard dollardır.
5- Vaksinlər. COVID dövründə sıralamada 1-ə yüksəldi, amma ümumilikdə 5-ci yerdədir. İllik gəlir 90–100 milyard dollar cıvarındadır.
Bu bazarda ən çox gəlir qazanan şirkətlər təbii ki dünyada ən böyük xərçəng dərmanı istehsalçılarıdır.
Dünyanın №1 onkologiya şirkəti İsveçrənin Roche şirkəti sayılır.
Roche 20 ildən çoxdur ki, xərçəng müalicəsində liderdir.
Məşhur dərmanları:
Herceptin (süd vəzi xərçəngi),
Avastin (yoğun bağırsaq, ağciyər, böyrək xərçəngi),
Rituxan (qan xərçəngləri),
Tecentriq (immunoterapiya).
Roche təkcə onkologiyadan ildə 30-35 milyard dollar xalis gəlir əldə edir.
2-ci yerdə tarixdə ən uğurlu xərçəng dərmanlarından biri sayılan Keytrudanın istehsalçısı olan Merck (ABŞ) şirkətidir.
Keytruda melanoma, ağciyər, böyrək və bir çox digər xərçənglərdə istifadə olunur.
İllik satışlardan gəliri 20 milyard dolları keçir.
Sıralamada 3-cü yeri Bristol-Myers Squibb (BMS, ABŞ), 4-cü yeri Novartis (İsveçrə), 5-ci yeri isə Pfizer (ABŞ) şirkəti tutur.
Göründüyü kimi, bu sahədə ilk 5 likdə 3 ABŞ, 2 İsveçirə şirkəti yer alır.
Niyə böyük xərçəng dərmanı şirkətləri (Roche, Pfizer, Merck, Novartis, BMS) Azərbaycan, Gürcüstan, Moldova və digər kiçik və ya gəliri aşağı ölkələrin bazarına girmir?
Bunun əsas səbəbi Orijinal xərçəng dərmanlarının çox bahalı olmasıdır ki, kiçik ölkələrdə bu dərmanlara alıcı azdır. Xərçəng dərmanlarının əksəriyyəti illik 50,000–200,000$ civarında olur. Bəzi immunoterapialar illik 300,000$ belə ola bilir.
Azərbaycan, Gürcüstan, Moldova kimi ölkələrdə: əhali gəliri aşağıdır, dövlətin səhiyyə büdcəsi məhduddur, əksər xəstə xərcin özü ödəyə bilmir. Bu isə şirkətlər üçün az satış = az gəlir deməkdir. Yəni dolayı yolla şirkət deyir ki, “Əgər bu bahalı dərmanları ildə 100-150 xəstə alacaqsa, mənim bu bazar üçün xüsusi distribusiya sistemi qurmağıma dəyməz.” Çünki bu dərmanları saxlamaq və gətirmək çox bahalı və çətindir.
Orijinal onkoloji dərmanlar üçün tələb olunan şərtlər:
xüsusi temperatur (2–8°C soyuducu),
xüsusi daşınma qaydaları,
yüksək səviyyəli logistika,
ciddi sənədləşmə.
Bu infrastruktur zəif olan ölkələrdə dərmanların keyfiyyəti yolda itə bilər. Bu böyük şirkətlər üçün böyük risk deməkdir, yəni “Dərman düzgün daşınmadı → keyfiyyət düşdü → xəstə əks təsir yaşadı → şirkət günahlandı - şirkətin nüfuzu düşdü və bazar dəyəri kəskin azaldı.” Belə risklərə görə şirkətlər ən zəmanətli bazarlara fokuslanırlar. ABŞ, Kanada, Avropa və Körfəz ölkələri (çünki zəngindir) kimi ölkələrdə dövlət və sığorta şirkətləri bu dərmanların 100%-ni və ya 70–90%-ni ödəyir. Yəni kiçik bazarlar böyük şirkətlərin “strateji prioriteti” deyil.
Nəticədə kiçik bazarlara sahib olan Azərbaycan, Gürcüstan, Moldova kimi ölkələrdə Generic versiya (generik dərman) satan şirkətlər bazara sahib olur və öz aralarında rəqabət aparır.
Bəs Generic versiya (generik dərman) nə deməkdir? Generik dərman Original (brend) dərmanla eyni aktiv maddəyə malikdir, amma Patent müddəti bitəndən sonra başqa şirkət tərəfindən daha ucuz istehsal olunur.
Məsələn:
Brend: Cipralex - Generik: Essitalopram (bir çox şirkətlər istehsal edir)
Brend: Prozac - Generik: Fluoksetin
Brend: Zoloft - Generik: Sertralin
Brend: Cymbalta - Generik: Duloksetin
Generik və brend dərmanlar qanunla tələb olunan şəkildə eyni olmalıdır. Yəni xəstəliyi müalicə edən əsas hissə tamamilə eynidir.
Eyni aktiv maddə,
Eyni doza (milliqram),
Eyni təsir gücü və təhlükəsizlik,
Bədəndə eyni şəkildə işləmə.
Nələr fərqli ola bilər və ya nələri dəyişdirə bilərlər?
Köməkçi maddələr (dolğu maddələri),
Rəng, forma, dad,
Sorulma sürəti və davamlılığı,
İstehsal keyfiyyəti,
Saxlanma və daşınma şəraiti.
Buna görə qiymət 95% -ə qədər daha ucuz ola bilir. Dünyada ABŞ, Avropa, Yaponiya kimi ciddi nəzarət olan ölkələrdə əksər generiklər çox etibarlıdır. Hindistan, Pakistan, Rusiya və bəzi Yaxın Şərq ölkələrində keyfiyyət şirkətdən asılı olaraq dəyişə bilər. Buna görə çalışıb imkan daxilində Avropa şirkətlərinin generiklərin almaq lazımdır. Hazırda Azərbaycan da daxili olmaqla bir çox MDB ölkələrində Hindistan , Pakistan , Rusiya və Turkiyənin generik dərman şirkətləri bazarı bölüşdürürlər . Roche, Novartis, Pfizer, Merck və BMS kimi böyük dərman şirkətləri generik istehsal etmir.
Dünyanın ən böyük 3 generik şirkəti bunlardır: Sandoz (Avropa), Teva (İsrail), Mylan / Viatris (ABŞ).
Digər gəlir gətirən 3 xəstəliklərdə də bazar payına sahiblənmə və satışların metodikası ən çox gəlir gətirən xərçəngə oxşardı. Yəni milyardlara dollar elmi araşdırmalara sərf edən böyük şirkətlərin yaratdığı və patentləşdirdiyi dərmanlar patent müddəti bitənə qədər çox baha satılır. Patent ömürlük olmadığına görə pantent müddəti bitən kimi generik istehsal edən şirkətlər də o dərmanı ucuza istehsal etməyə başlıyır. Təbii ki patent müddəti bitənə qədər böyük şirkətlərin də elmi araşdırmaları davam edir və o müddətdə artıq 100-lərlə sınaqlar keçirilərək daha çox təsir edə bilən yeni dərmanlar hazırlanır və patentləşdirlərək baha qiymətə satışa çıxır. Və bu çarx daim belə fırlanır. Böyük şirkətlərin bahalı dərmanları yeni və müassir texnologiya ilə hazırlanmış olur və təbii ki generiklərdən baha olur.
Bəzən internetdə və sosial şəbəkələrdə generiklərdən də ucuz dərmanlardan istifadə yolları ilə xəçəngin müalicəsi ilə bağlı xəbər və videolar da yayılır. Bunlardan ən məhşurları çoxlarının inandığı Fenbendazole və Ivermectin dərmanlarıdır ki, bunlar heyvanların, xüsusən də atların müalicəsində daha çox istifadə olunur. Heçbiri dünya səhiyyəsində xərçəngin müalicəsi üçün təsdiq olunmayıb, baxmayaraq ki bəzi istifadəçilər sosial şəbəkələrdə bu dərmanlar vasitəsi ilə sağaldıqlarını iddia edirlər.
Hal-hazırda sürətli artan gəlirli sahələrdən biri də stress və depressiya dərmanlarıdır. Dünyada hər 7 yeniyetmədən biri psixi pozuntu yaşayır və depressiya bu yaş qrupunda digər xəstəliklərin əsas səbəblərindən bir olur. 2019-dan sonra (COVID dövrü) aparılan araşdırmalar göstərir ki, gənclərdə – xüsusən qızlarda – depressiya və narahatlıq ciddi şəkildə artıb, həmçinin özünəqəsd və özünə zərər davranışları yüksəlib.
Dünyada depressiyanı artıran əsas 2 risk faktoru hesab edilir:
Minimal sosial dəstək depressiya ehtimalını - 6 dəfə artırır,
Cəmiyyətdə diskriminasiya hissi (varlı-kasıb təbəqələşməsi) - 3.7 dəfə artırır.
Bu baxımdan Azərbaycandakı vəziyyət də qlobal tendensiyanın bir hissəsidir - daha çox stres, daha çox depressiya və daha çox ümidsizlik hissi yaşayan gənclərin sayı artır. Azərbaycanda gənclər arasında depressiya ilə bağlı vahid rəsmi statistika yoxdur, amma bir neçə ciddi araşdırma və hesabat vəziyyəti yaxşı göstərir. Araşdırmalar səbəb kimi əsasən 5 faktoru önə çəkir.
1. Müharibə və travmatik təcrübələr,
2. Ailə mühiti və zorakılıq,
3. Təhsil sistemi və imtahan stresi,
4. İşsizlik və gələcək qorxusu,
5. Psixoloji yardımın çatışmazlığı.
Antidepresant bazarı durmadan böyüyür və artıq illik xalis gəliri 40 milyard dolları keçib. Bu sahədə daha çox texnoloji yenilikləri tətbiq edərək yeni yaranan şirkətlər bazarda yeni dərmanlar satışa çıxarır. Dünyada insan sayı artdıqca qidalanma keyfiyyəti zəifləyir, digər tərəfdən sosial və iqtisadi amansız rəqabət bütün digər xəstəliklərin birbaşa və ya dolayı yolla səbəbi hesab edilən stress və depressiyanı artırır. Bu isə krizisllərin ən az təsir edə bildiyi dərman şirkətlərinin böyüməsini artırı. Buna görə hazırda ən güvənilir səhmlərdən biri də elə tibbi dərman istehsalı ilə məşqul olan şirkətlər hesab olunur.
Hazırda Bazar dəyərinə görə dünyanın ən böyük 5 dərman şirkətidən 3-ü ABŞ-a məxsusdur.
Bazar dəyərinə görə ABŞ-ın ən böyük 5 şirkətinə Eli Lilly 1T dollarla liderlik edir.
Nəticə olaraq, qlobal farmasevtik bazar sürətlə böyüməyə davam edir və bu artımın mərkəzində onkologiya, immunologiya və metabolik xəstəliklər dayanır. Böyük şirkətlər yüksək gəlirli bazarlara fokuslanarkən, Azərbaycan kimi ölkələrdə generik dərmanlar üstünlük təşkil edir. Trendlər göstərir ki, dərman sənayesi həm bu günün, həm də gələcəyin ən strateji və ən davamlı sahələrindən biri olaraq qalacaq.
Mənbələr :
https://intuitionlabs.ai/articles/pharmaceutical-market-analysis-trends
https://data.unicef.org/topic/child-health/mental-health
https://www.thelancet.com/journals/lanpsy/article/PIIS2215-0366%2821%2900395-3/fulltext
https://gco.iarc.who.int/media/globocan/factsheets/populations/31-azerbaijan-fact-sheet.pdf
https://investingnews.com/daily/life-science-investing/pharmaceutical-investing/top-pharma-companies-by-revenue/
https://www.iqvia.com/insights/the-iqvia-institute/reports-and-publications/reports/the-global-use-of-medicines-outlook-through-2029
https://www.iqvia.com/-/media/iqvia/pdfs/events/presentation_global-meds-webinar_public.pdf
https://www.iqvia.com/-/media/iqvia/pdfs/files/iqvia-quarterly-pharmaceutical-market-outlook---november-2023.pdf
https://www.iqvia.com/-/media/iqvia/pdfs/canada/2024-trends/english/top10worldwidesales_24.pdf
https://rarediseases.org/orphan-drugs-represent-41-percent-of-all-new-medications/












👍👍👍👍