DLocal - İnkişafda Olan Ölkə Bazarının Rəqəmsal Ödəniş Lideri
Bir Kredit Kart Problemi ilə Başlayan Uğur: - DLocal-ın Hekayəsi
DLocal (DLO) 2025-ci ilin ortalarında diqqətimi çəkən bir şirkət idi.
Latın Amerikasının ilk unicorn fintech-i olan bu şirkət haqqında oxuduqca, yalnız bir səhmi deyil, bütöv bir bazar dəyişikliyini hiss etmək olur. DLocal-un fəaliyyəti təkcə rəqəmsal ödənişlərlə məhdudlaşmır – bu, inkişafda olan ölkələrin Stripe + PayPal + Adyen sintezidir, özü də daha az resursla.
Bu yazıda 4 ayrı dərin tədqiqatdan topladığım əsas məlumatları, şəxsi baxışımı və rəqəmlərlə olan təhlilləri paylaşacağam. Məqsədim DLocal-un necə işlədiyini, niyə bu qədər diqqətçəkici olduğunu və niyə məhz indi yaxşı investisiya fürsəti ola biləcəyini açıq və səmimi şəkildə göstərməkdir.
DLocal-un Başlanğıcı: NBA League Pass (Basketbol yarışına bilet) almaqla başlayan bir dəyişiklik
Hər şey təsadüfən başlayıb. Şirkətin qurucularından Sebastián Kanovich NBA League Pass almaq üçün ABŞ bankına aid kredit kart tapa bilməmişdi. Sadə görünür, amma bu şəxsi problem böyük bir imkanın başlanğıcı oldu. 2016-cı ildə Uruqvayda təsis edilən DLocal-un ilk məqsədi Latın Amerikasında beynəlxalq onlayn ödənişləri mümkün etmək idi.
Əvvəlcə kiosk modelləri ilə başladılar. Daha sonra Braziliyada məşhur Boleto sistemini rəqəmsallaşdırdılar. Bir çoxunun “əhmiyyətsiz problemdi” deyib keçəcəyi problemi onlar ölkələrarası ödəniş infrastrukturuna çevirdilər.
Bugünkü Genişlənmə: 40 ölkə, 900-dən çox ödəniş metodu
Bugün DLocal artıq 40-dan çox ölkədə fəaliyyət göstərir. API-ləri vasitəsilə Amazon, Google, Uber, Spotify, Microsoft, TEMU, Shein, Nike, Shopee, Booking kimi nəhənglərə xidmət göstərirlər.
Unikal modelləri “One dLocal” adlanır. Bu platforma sayəsində bir qlobal şirkət eyni anda Nigeriyada, Hindistanda, Braziliyada, Pakistanda və Filippinlərdə lokal ödəniş üsullarını tək API ilə qəbul edə bilir.
Yəni Stripe və Adyen inkişaf etmiş bazarları hədəfləyərkən, DLocal kasıb ölkələr üçün Stripe olmağı seçib – və bunu olduqca uğurla edir.
Maliyyə Rəqəmləri: TPV, Marjalar və Gəlirlilik
DLocal-un əsas göstəricilərindən biri TPV (Total Payment Volume) – yəni sistemdən keçən ümumi ödəniş həcmidir.
TPV Artımı:
2016: $136 milyon
2023: $17.7 milyard
2024: $24.8 milyard
2030 hədəfi: $119 milyard (illik +30% artım)
Gəlir Artımı:
2019: $55.3 milyon
2024 proqnoz: $750 milyon
2030 hədəfi: $4.2 milyard (3.5% TPV-dən gəlir)
Marjalar:
FCF Marjası (2023): 23.1%
2030 proqnozu: 24%
EBITDA Marjası: 27%-ə çatıb – (EBITDA – Earnings Before Interest, Taxes, Depreciation, and Amortization sözlərinin baş hərflərindən ibarətdir və "Faiz, vergi, amortizasiya və köhnəlmə çıxılmamış mənfəət" deməkdir.)
Nağd vəsait və borc:
Kassa vəsaiti: $670 milyon
Borc: YOXDUR
Səhm Geri Alım Proqramı: $200 milyon
Bu rəqəmlər göstərir ki, DLocal yalnız gəlir gətirmir – həm də effektiv və az xərcli bir modelə malikdir. Şirkət CAPEX-light strategiyasına malikdir, yəni əsas resurslar insan kapitalı və texnologiyaya yönəlir.
Texnologiya Üstünlüyü: Tokenization, Smart Routing, Fraud Engine
DLocal texnologiyaya çox önəm verir. Bunu aşağıdakı bir neçə nümunədə görmək olar:
Tokenization: Kart məlumatlarını təhlükəsiz şəkildə saxlamaq və konversiya nisbətini artırmaq. Argentinada +1.4%, Kolumbiyada +1.6% təsir edib.
3D Secure: Fırıldaqçılıqla mübarizə zamanı istifadəçi təcrübəsini qoruyur.
AI & Machine Learning: Fraud risklərinin idarə olunması, optimal yönləndirmə və konversiya analizləri.
CEO Pedro Arnt
DLocal-un ən çox inam yaradan tərəfi liderlikdir. Pedro Arnt – əvvəlki CFO’su olduğu MercadoLibre-də 24 il işləyib. O, Latın Amerikasının ən böyük texnoloji şirkətinin qurulmasında əsas rol oynayıb.
Pedro şirkətə 2024-də CEO olaraq qatılıb və çox şey dəyişib. Bazar ilk anda şirkətin qurucu CEO-nun şirkəti tərk etməsindən narahat oldu. Amma Pedro-nun yeni rəhbərliyi sayəsində marginlər sabitləşdi, böyümə sürətləndi və texnoloji yatırımlar artdı.
Səhm Niyə 80% Düşdü?
DLO 2021-ci ildə IPO-dan sonra “fintech hype” dalğasında sürətlə yüksəldi. Amma sonra “hype dalğası” səngidi və ümumi bu 5 səbəbdən dolayı 80% ucuzlaşdı:
Short report (saxta fırıldaqçılıq iddiası)
Braziliyadakı müştəri ilə “repricing” problemi
Qurucu CEO-nun istefası
Valyuta volatilliyi (xüsusilə Argentina)
Marja təzyiqləri və texnologiyaya sərmayə
Lakin bütün bunlar keçici oldu. 2024-cü ilin sonuna yaxın TPV +40%, FCF marjası +23.1% və o cümlədən texnoloji innovasiyalar artmaqda idi.
Əgər DLO belə davam etsə, hazırkı bazar dəyəri ilə müqayisədə bu, 4–5x artım və illik 31–39% gəlir deməkdir.
Sonda ümumi fikrimi yekunlaşdıraraq deyə bilərəm ki, DLocal yalnız bir fintech deyil – o, inkişafda olan dünya ölkələri ilə inkişaf etmiş Qərbi birləşdirən körpüdür. Rəqəmlər, texnologiya, liderlik və biznes modeli uzunmüddətli investorlar üçün yaxşı bir fürsət yaradır.
Oxuduğunuz üçün təşəkkürlər!