Bitcoin-ə heç vaxt investisiya etməsəm də, inboxda Bitcoinlə bağlı çoxlu mesaj var. Ona görə post olaraq bütün mesajlara cavab olaraq ümumi fikirlərimizi bölüşüm dedim.
Bitcoin-ə sırf fundamental analiz olaraq baxsaq, proqnozu bizə görə müsbətdir. Yəqin ki, növbəti 12 ay ərzində yenidən 100k həddini keçər. Buna əsas səbəb hazırda ABŞ hakimiyyətində olanların və ya onlara yaxın olanların bir çoxunun əlində yüksək miqdarda Bitcoin olmasıdır.
Təbii ki, onların çox rahat insider məlumatları və bu məlumatların Bitcoin-ə necə təsir edəcəyi ilə bağlı proqnozları öncədən var. Əgər qiymət düşmədən öncə böyük əksəriyyəti bitcoinlərini yüksək qiymətdən satmadılarsa, əksinə qiymət düşdükcə əllərindəkinlərin sayını artırırlarsa, deməli bu özü yaxın gələcək üçün pozitiv istiqamətdə hərəkət olacağını göstərir. İndi bir neçə misalla daha dəqiq baxaq.
1 - ABŞ stablecoin məsələsinə çox ciddi yanaşır və bu istiqamətdə ciddi işlər görür. Ümumiyyətlə, gələcək dövr üçün dövriyyədə olan böyük pul kütləsinin inflyasiyaya mənfi təsirini azaltmağın yollarından biri həmin likvidliyin müəyyən hissəsinin rəqəmsal aktivlərə yönəlməsidir. Bitcoin də kripto dünyasının aparıcı qüvvəsi olduğuna görə bu pul kütləsinin bir hissəsinin ora yönələnəcəyi şübhəsizdir. Bu çox geniş mövzudur, detallı yazmaq uzun çəkər amma ümümi nəticə odur ki dövlətin stable coin strategiyasi Bitcoinin qiymətinə müsbət təsir edəcək.
2 - ABŞ hökumət təmsilçilərinin demək olar çoxunun əlində böyük miqdarda Bitcoin var. Bu birbaşa və ya dolayı yolla baş verir. Daha çox Bitcoin əlaqəli şirkətlərin səhmlərinə investisiya və ya şirkətdə birbaşa səhmdar olmaqla baş verir. Hətta bura Trumpın öz oğlu da daxildir.
Bu məsələdə ən ciddi fiqur isə hazırkı ABŞ Ticarət Naziri və Cantor Fitzgerald şirkətinin keçmiş rəhbəri və demək olar ki, sahibi (ən böyük pay sahibi) Hovard Lutnik-dir. Onun Bitcoinlə əlaqəsi böyük korporativ investisiyalar, “Tether” stabilkoini ilə sıx tərəfdaşlıq və Tramp administrasiyasının kripto-yönümlü siyasətlərindəki liderliyi ilə müəyyən edilir.
Sonradan o, ticarət naziri vəzifəsinə gətirilərkən öz postunu oğluna ötürdü. Nazir olduqdan sonra 2024-cü ilin iyulunda Neşvildə keçirilən “Bitcoin 2024” konfransında Lutnik 2 milyard dollarlıq Bitcoin təminatlı kredit proqramını elan etdi. Bu proqram Bitcoinlərini girov qoyan investorlara leveraj (borc vəsaiti) təqdim edir.
Cantor Fitzgerald təkcə “MicroStrategy” (indiki adı ilə “Strategy”) şirkətində 2,1 milyard dollardan çox səhmə sahibdir. MicroStrategy isə dünyanın ən böyük korporativ Bitcoin sahibidir, bu da Lutnikin dolayı yolla 2 milyard dollarlıq bilinən Bitcoin sahibi olması deməkdir. Xatırlayırsınızsa, bu yaxınlarda MicroStrategy şirkətinin kəskin qiymət düşüşü zamanı Bitcoin-lərini satacağı iddia edilsə də, şirkətin idarə heyətinin sədri Michael Saylor bildirmişdi ki, Bitcoin 90% dəyər itirərək 8,000 dollar səviyyəsinə düşsə və illərlə orada qalsa belə, şirkət əlindəki aktivləri satmaq əvəzinə borclarını yenidən maliyyələşdirəcək. Bu müsahibəni YouTube-da rahat tapa bilərsiniz. Və bu müsahibəyə olan şərhlərin yarısından çoxu Saylorun fikrini gülünc adlandırıb. Məsələ isə ondadır ki, Saylor özü də bilir ki, Bitcoin 8 min dollar olmayacaq. Çünki onun payçısı Ticarət naziridir və elə o nüfuzda olan başqa investorlardır ki, Bitcoin-in hansı rübdə hansı istiqamətdə gedəcəyini və dövlət tərəfindən hansı qərarların veriləcəyini öncədən insider məlumatlarla rahat şəkildə bilir. Yəni Bitcoin-in batacaq məsələsi gündəmdə olsa, nüfuzlu şəxslər onda milyardlarla dollarını saxlamaz
3 - Artıq Amerika bankları bir-birinin ardınca depozit saxlayan müştərilərinə depozitlərin müəyyən hissəsini Bitcoində saxlamağı məsləhət görür. Bunu ilk edən banklar elə ABŞ və dünyanın da ən böyük banklarından olan Bank of America və JP Morgan Chase Bank olub. Hazırda digər banklar da bunu edir. Bank of America bu xəbəri yayanda səhifədə post olaraq paylaşmışdıq ki, BoA 4%-ə qədər depoziti Bitcoində saxlamağı rəsmi məsləhət görür. Bu faiz olaraq az görünsə də, xəbər olaraq çox-çox önəmli bir xəbərdir. Çünki ABŞ-da bank atdığı hər addımın nüfuzuna necə təsir edəcəyini uzunmüddətli və güclü analiz edir. BoA kimi bir bankın əlində tutarlı bir analiz nəticəsi və proqnozu olmasa, heç vaxt batacaq bir sahəyə müştərilərini rəsmi şəkildə yönləndirməz.
4 - Hazırda Bitcoin-in ən böyük sahiblərindən biri də ABŞ-ın ən böyük fond şirkətlərindən biri olan BlackRock hesab olunur. BlackRock və Vanguard birbaşa və dolayı yolla demək olar ki, ağla gələn istənilən sahədə yatırım sahibidir. Bu 2 şirkət o qədər böyükdür ki, istənilən ölkənin maliyyə siyasətinə təsir etmək gücündədirlər. Araşdırdıqda isə bu şirkətlərin də coin sahəsinə investisiyalarını hər il bir az da artırdığını görmək olur. Bu da o deməkdir ki, hələ ki, yaxın gələcək üçün Bitcoin sahəsinin batması və ya batırılması gündəmdə yoxdur, əksinə qiymətlərin yüksələcəyini göstərən fundamental siqnallar daha güclüdür.
Bitcoinlə bağlı bu kiçik fundamental analizi uzunmüdətli texniki və maliyyə analizi ilə də dəyərləndirib ticarət edə bilərsiz.
Linklər :
1 - https://research.grayscale.com/reports/2026-digital-asset-outlook-dawn-of-the-institutional-era
2 -https://www.reuters.com/practical-law-the-journal/transactional/understanding-genius-act-2026-03-01/#:~:text=Background%20on%20the%20GENIUS%20Act&text=Federal%20legislators%20had%20introduced%20several,law%20on%20July%2018%2C%202025.
3 - https://www.brookings.edu/articles/the-rise-of-stablecoins-and-implications-for-treasury-markets/#:~:text=Abstract,USDC)%2C%20leading%20the%20ranks.
4 -https://www.nytimes.com/2025/11/20/us/politics/howard-lutnick-family-ai.html
5 -https://www.federalregister.gov/documents/2025/03/11/2025-03992/establishment-of-the-strategic-bitcoin-reserve-and-united-states-digital-asset-stockpile
6 - https://financefeeds.com/bank-of-america-officially-endorses-4-percent-crypto-allocation-for-wealth-clients/#:~:text=Bank%20of%20America%20Officially%20Endorses%204%20Percent%20Crypto%20Allocation%20for%20Wealth%20Clients,-By%20Karthik%20Subramanian&text=On%20January%205%2C%202026%2C%20Bank,the%20global%20capital%20market%20system.
7 - https://www.cahill.com/publications/client-alerts/2026-01-23-u.s.-bank-regulators-accelerate-integration-of-crypto-assets-into-the-banking-system#:~:text=In%202025%2C%20the%20three%20primary,and%20the%20opportunities%20they%20present.
8 - https://cryptoslate.com/insights/blackrock-now-owns-5-of-strategys-outstanding-shares/#:~:text=BlackRock’s%20stake%20is%20currently%20worth%20around%20$3.6%20billion.&text=According%20to%20a%20Feb,of%20the%20Bitcoin%2Dfocused%20company.&text=This%20disclosure%20follows%20Strategy’s%20recent,reflect%20the%20opinion%20of%20CryptoSlate.
9 - https://bitbo.io/treasuries/blackrock-ibit/#:~:text=Get%20Bitcoin%20charts%2C%20data%20and,27%2C%202026(1)






