Tokio, 8 dekabr 2005-ci il.
Səhər birja açılanda heç kim bu günün Yaponiya maliyyə tarixinə düşəcəyini bilmirdi. Bir bankirın barmağı kompüter klaviaturasında bir dəfə səhv hərəkət etdi və həmin səhv bir bankın rüblük qazancını sildi, birjanın prezidentini istefaya göndərdi, iki adi gənci isə milyoner etdi.
Səhər saat 9:30
Osakada yerləşən kiçik bir işçi tapma şirkəti J-Com (HR company ) 8 dekabr 2005-ci ildə Tokio Birjasında ilk dəfə ticarətə çıxırdı. Səhmin qiyməti təxminən 610,000 yen idi, təxminən 5,000 dollar. Adi bir IPO günü olmalı idi. Mizuho Securities bankının treyderi kompüterə sadə bir əmr daxil edəcəkdi- 1 səhm = 610,000 yenə. Amma o, rəqəmləri tərsinə yazdı: 610,000 səhm = 1 yenə. Əmr birjaya getdi və sistem onu dərhal icra etdi. Birdən-birə bazarda 610 min ədəd J-Com səhmi cəmi 1 yenə satışa çıxarıldı. Halbuki şirkətin bazarda olan bütün səhmlərinin sayı cəmi 14,500 idi. Yəni bank, mövcud olmayan səhmləri real saydan 41 dəfə çox satışa qoymuşdu.
Mizuho səhvi dərhal fərq etdi. Treyder əmri ləğv etməyə çalışdı bir dəfə, iki dəfə, üç dəfə amma bəxtən Tokio Birjasının sistemi o gün nasaz işlədi və ləğv əmri keçmədi. Birja rəhbərliyi ilk öncə bu ləğv etmə əmirinin işləməməsini təkzib etdi və günahı Mizhuonun həyacanlanaraq düzgün ləğv etmə prosesi aparmadığında gördü. Bu müddətdə J-Com-un səhmi əvvəlcə günlük limitə qədər düşdü 572,000 yenə. Sonra bazar başa düşdü ki, bu, real satış deyil, səhvdir və səhm eyni gün 772,000 yenə, günlük limitin tavanına qalxdı. Amma zərər artıq çəkilmişdi. Bank səhvən satdığı səhmləri geri almağa məcbur oldu dəfələrlə baha qiymətə. Həmin axşam Mizuho-nun prezidenti Makoto Fukuda birjanın binasında təcili mətbuat konfransı keçirdi. İlkin hesablama: 27 milyard yen zərər. Son yekun rəqəm daha ağır oldu: 40.7 milyard yen təxminən 340 milyon dollar. Həmin gün Nikkei indeksi 1.95% düşdü. Bir səhv düymə bütün bazarı silkələdi.
Evin bir otağında qazanan sadə insan
Tokio Birjasından kilometrlərlə uzaqda, adi bir evin yataq otağında bir gənc dörd monitor qarşısında oturmuşdu. Onun adı CIS idi yapon treyderlər arasında əfsanəyə çevriləcək bir ləqəb. O, ekranda baş verənləri saniyələr içində anladı- bu, real satış ola bilməz, bu səhvdir və səhv düzələn kimi qiymət geri qayıdacaq. O, tərəddüd etmədən aşağı qiymətdən 3,300 səhm aldı real dövriyyədə olan səhmlərin təxminən dörddə biri. Bir neçə dəqiqə sonra qiymət bərpa olunanda satdı. Qazanc 10 dəqiqə ərzində 600 milyon yen yəni təxminən 5 milyon dollar oldu. CIS sonralar bu barədə belə “ o 10 dəqiqə mənim peşə həyatının ən yaxşı 10 dəqiqəsi idi” deyə yazırdı. Amma o, sevinməyə çox vaxt itirmədi və pulu dərhal Nintendo səhmlərinə inest etdi. Düşüncəsi sadə və məntiqli idi. O başa düşdü ki məhkəmələr başlayacaq, pul nağd şəkildə təhlükəsiz olmalı idi ki, həttda məhkəmə qərarı olsa belə J-Com səhmlərindən gələn gəlir onun balansından silinməsin. Baxmayaraq ki , qanunlara görə heç məhkəmə özü də belə bir qərar verə bilməzdi amma yənə da CİS özünü sğortaladı. Həmin gün başqa bir gənc treyder də eyni bu fürsəti gördü. BNF ləqəbli Takashi Kotegawa. Onun qazancı daha da böyük təxminən 2 milyard yendən çox olmuşdu.
Hesab günü
Hadisənin nəticələri ağır oldu. Tokio Birjasının prezidenti Takuo Tsuruşima istefa verdi onunla birlikdə birjanın texnologiya rəhbəri və icraçı direktoru da getdi. Mizuho birjanı məhkəməyə verdi və illər davam edən prosesdən sonra məhkəmə birjanın təxminən 10.7 milyard yen kompensasiya ödəməsinə qərar verdi. Amma bu hekayənin əsl dərsi rəqəmlərdə deyil.
CIS bu işə 2000-ci ildə cəmi 1 milyon yenlə təxminən 10 min dollarla başlamışdı. J-Com hadisəsinə qədər o, beş il hər gün qrafik oxumuş, kiçik ticarətlər etmiş, minlərlə saatını bazarı öyrənməyə sərf etmişdi. 8 dekabr 2005-ci ildə ona şans düşdü. Amma o şansı görmək üçün beş il hazırlaşmışdı.
Bazar insan əli ilə işləyir. İnsanlar səhv edir bəzən 340 milyon dollarlıq səhv. Və bəzən ən böyük fürsət kiminsə səhvindən doğulur. Amma o fürsəti tutmaq üçün səhər saat 9:30-da monitor qarşısında olmaq kifayət deyil. Gərək o monitor qarşısında illərlə oturasan ki, səhvi görən kimi tanıyasan.
Bəzən bazarda qazanmaq üçün ən ağıllı olmaq lazım deyil. Ən hazırlıqlı olmaq lazımdır.
Linklər :
1- https://www.cio.com/article/262952/it-organization-tse-faces-suit-over-system-linked-botched-trade.html?amp=1
2- https://phys.org/news/2005-12-wrong-slams-mizuho.html
3- https://www.finextra.com/newsarticle/15744/mizuho-demands-y404bn-from-tse-for-trade-botch-up
4- https://www.institutionalinvestor.com/article/2btfp80wplw8dgdnt4ikg/innovation/tokyo-stock-exchange-gears-up-for-the-future
5- https://christinaphau.blogspot.com/2014/10/mystery-man-who-moves-japanese-markets.html
6- https://www.binance.com/en/square/post/290391191825169

