Anne Scheiber - Səssiz Qalib
5000 $-dan 22 Milyon $-a gedən yol. ( Müxtəlif məqalələrdən toplanan və tərcümə olunan hissələr )
Bu gün, 23 dekabr Anne Scheiber-in dünyaya tanındığı bir gündür. Onun haqqında olan ilk yazıların dünyaya səs saldığı gün.
Nyu-Yorkun səs-küylü küçələrindən birində, heç kimin diqqət etmədiyi köhnə bir binada yaşayan Anne Scheiber adlı bir qadın vardı. Onu tanıyanlar sadə, sakit və adi biri kimi xatırlayırdı. Həyatında nə böyük dönüş nöqtələri, nə də kənardan baxanda “uğur hekayəsi” adlandırılacaq xüsusi hadisələr görünmürdü.
Anne Scheiber 1893-cü ildə, doqquz uşaqlı bir ailədə dünyaya gəlib. Onun uşaqlıq illəri heç də dəbdəbəli və rahat keçmədi. Atası vəfat etdikdən sonra ailənin bütün yığımları uğursuz daşınmaz əmlak investisiyalarında itirildi və gənc Anne cəmi 15 yaşında mühasib köməkçisi (bookkeeper) kimi işləməyə məcbur oldu. Zamanla kifayət qədər pul yığaraq universitetdə oxuya bildi və ali təhsil aldı. Amma peşəkar həyat ona qarşı heç də mərhəmətli olmadı.
1920–1930-cu illərdə yəhudi qadın olmaq Anne üçün ciddi maneələr yaradırdı. O, 20 ildən artıq müddətdə IRS-də (ABŞ Vergi Xidməti) vergi auditoru kimi səylə çalışsa da, heç vaxt vəzifədə yüksəldilmədi. Onun illik maaşı maksimum 3.150 dollar olmuşdu bu isə “gələcək milyonçu” obrazını heç cür yaratmağa bəs etmirdi.
Anne 1944-cü ildə təqaüdə çıxanda təxminən 5.000–10.000 dollar arası yığımı vardı. İnsanların çoxu bu pulu rahat bir təqaüd həyatı üçün xərcləyərdi. Amma Anne? Onun daha böyük planları vardı.
Anne işini sevirdi amma sistem onu sevmirdi. O, qadın idi, yəhudi idi və bu, uzun illər ərzində onun yolunda görünməz divarlar yaratmışdı. Həmkarları irəli gedirdi, vəzifə alırdı, maaşları artırdı. Anne isə eyni masada, eyni kresloda qalırdı. Az maaş alırdı, tez-tez gözardı edilirdi və zamanla başa düşdü ki, bu sistemdən ona düşən pay heç vaxt dəyişməyəcək.
Müsahibələrinin birində belə demişdi : “ Bir gün, heç kimə demədən, içimdə sakit bir qərar verdim. Şikayət etmədim, küsmədim, səs-küy salmadım. Sadəcə düşündüm: əgər mənim dəyərimi burada görmürlərsə, deməli, onu başqa yerdə yaratmalıyam. O yer səhm bazarı idi. ”
Anne nə tez varlanmaq istəyirdi, nə də riskli oyunlara girmək. O, səbrə , kiçik addımlara, uzun zamana və disiplinə inanırdı. O dövürdə çoxlarının darıxdırıcı hesab etdiyi real məhsul satan, illərlə ayaqda qalan, hər il dividend ödəyən Cola (KO), PepsiCo (PEP) və Bristol-Myers Squibb (BMY) kimi böyük və stabil şirkətlərin səhmlərini almağa başladı. Aldığı hər dividendi yenidən investisiya etdi. Satmağa tələsmədi və demək olar ki, çox nadir hallarda satışlar etdi. Bazar düşəndə qorxmadı, hamı panikaya düşəndə o sakit qaldı.
İllər keçdi. Anne hələ də eyni mənzildə yaşayırdı. Heç kim onun varlandığını hiss etmirdi. Hətta özü belə bunu gündəlik həyatında hiss etmirdi. Çünki investisya etdiyi gəlir səs çıxarmadan sakitcə böyüyürdü.
Onilliklər sonra Anne artıq yüzlərlə səhmin sahibiydi. Onların bəzilərini həttda yarım əsrə yaxın saxlamışdı. Bu sərvət ani bir qərarın, ya da şansın nəticəsi deyildi. Bu, səbrin, zamana hörmətin və öz yolundan dönməməyin nəticəsi idi.
1995-ci ildə Anne Scheiber 101 yaşında vəfat edəndə, dünya onun adını ilk dəfə eşitdi. Çünki o, bu dünyada 22 milyon dollardan çox sərvət qoyub getmişdi. Və bu sərvəti özü üçün saxlamamışdı. O, bu pulun hamısını qadınların təhsil alması üçün Yeshiva Universitetinə bağışlamışdı. Sanki bütün həyatını sübut etmək üçün deyil, paylaşmaq üçün qurmuşdu.
Bu hekayə bizə bir şeyi xatırladır - başlanğıcın kiçik olması maneə deyil.
Səs-küylü olmamaq zəiflik deyil. Gec başlamaq uduzmaq demək deyil. Əgər səbrin varsa, disiplinli ola bilirsənsə və zamana öz işini görməyə icazə verirsənsə, nəticə qaçılmazdır.
Anne heç vaxt tələsmədi. O, sadəcə davam etdi. Və səssizcə qalib gəldi.
Mənbələr :
https://en.wikipedia.org/wiki/Anne_Scheiber
https://finance.yahoo.com/news/she-ran-rings-around-warren-110000290.html
https://www.dividendgrowthinvestor.com/2020/08/how-anne-scheiber-made-22-million.html
https://www.maxdividends.com/p/anne-scheiber-from-5000-to-22-million

