2025-ci ildə ən çox İzlədiyim 5 Səhm
Süni intellekt, nüvə enerjisi və kosmos kimi sahələrdə səssiz inqilablar başlayıb – bu səhmlər isə həmin dəyişikliyin önündə gedir.
İnvestisiya bazarında ən çətin sual bəzən "nə almaq?" deyil, "hansı istiqamətə baxmaq?" olur. Çünki bazar səs-küylə doludur. Bu gün ən çətin və ən bahalı olan şey düzgün və vaxtında əldə olunan informasiyadır. Artıq şirkətlər və fərdi investorlar məlumat kirliliyi ilə dolub daşan dünyada düzgün məlumat tapmaq üçün yüz milyonlar xərcliyir. Bizi isə ən çox maraqlandıran sual odur ki , Gələcək harada inşa olunur və biz ora çatmaq üçün hansı şirkətlərin yanında olmalıyıq ?
2024-ci ili diqqətlə izlədikdən sonra, 5 səhmi xüsusi olaraq araşdırmağa başladım. Onların bir neçəsi artıq dünya miqyasında tanınır, digərləri isə hələ investor radarına tam düşməyib. Lakin bir ortaq nöqtələri var – onlar texnologiyanın, enerjinin və infrastrukturun sabahını qururlar.
Bu yazıda sizə bu 5 səhmi səmimi və qısa təhlillə təqdim edirəm. Çünki mənə görə uğurlu investisiya düzgün informasiya ilə verilən qərarlarla başlayır. Hər səhmi şəxsən özüm dəfələrlə alıb satmışam və hazırda da portfelimdə bəziləri var. Olmayanları isə təkrar almaq üçün şans gözlüyürəm.
1. Nvidia (NVDA) - Bu dövrün nefti AI-dır. Nvidia isə onun quyusudur.
Nvidia süni intellekt texnologiyasının əsas infrastrukturunu yaradır. Hər ChatGPT, hər robot, hər data mərkəzi bir şəkildə Nvidia-nın çiplərindən istifadə edir.
Əsas göstəricilər:
2024-cü il gəliri: $61 milyard
Müştərilər: OpenAI, Google, Meta, Microsoft və s.
Səhm qiyməti yüksək olsa da, böyümə hələ bitməyib. Bu şirkət yalnız texnologiyanın içində deyil, onun özəyində dayanır.
Nebius Group (NBIS) - Sürücüsüz avtomobillər artıq özləri NBIS haqqında danışır.
Austin küçələrində Avride adlı sürücüsüz taksiləri artıq rahatlıqla görmək olur, onların arxasında dayanan şirkət məhz NBIS-dir. Həm də AI və bulud infrastrukturunda da fəaliyyət göstərirlər.
Avride – real şəhər testləri keçirir
Bulud və AI hesablama bazarına fokuslanır
Çox adam hələ bu adı tanımır. Amma bu şirkət texnologiyanın səhnə arxasını qurur. Bu, həm bir az riskdir, həm də güclü gələcəyi olan erkən mərhələ fürsətidir.
3. Rocket Lab (RKLB) - Kosmosa çıxmaq indi fantastika yox, strategiyadır.
Rocket Lab kiçik peykləri aşağı orbitə buraxmaqda ixtisaslaşıb. SpaceX-dən fərqli olaraq, onların fokus nöqtəsi daha yüngül və çevik missiyalardır.
40+ uğurlu buraxılış
2024 gəliri: $437 milyon
Yeni nəsil Neutron raketi bu yaxınlarda istifadəyə veriləcək
Kosmik texnologiyalar iqtisadiyyata daxil olur. Rocket Lab bu keçidin səssiz qəhrəmanıdır.
4. NuScale Power (SMR) - Nüvə enerjisi qayıdır – daha kiçik, daha ağıllı formada.
NuScale, gələcəyin təmiz enerji mənbəyi olan modul nüvə reaktorları istehsal edir. Daha təhlükəsiz, çevik və karbon emissiyasız.
ABŞ Energetika Departamentindən $1.4 milyard dəstək alıb.
İlk layihə: Miçiqan, başlama tarixi – 2030
Hal-hazırda gəliri yoxdur, inkişaf mərhələsindədir
Uzunmüddətli baxışla gələcəyin parlaq və tələb olunan şirkətinə çevrilə biləcək enerji nəhəngidir. Dövlət dəstəyi və sektor ehtiyacları onu real namizədə çevirir.
5. Oklo (OKLO) - 10 il yanacaq dəyişməyən enerji reaktoru – gələcəyin enerjisi bu cür olacaq.
Oklo mikro-nüvə reaktorları ilə data mərkəzləri və uzaq bölgələr üçün dayanıqlı enerji həlli yaradır. Arxasında Sam Altman (OpenAI CEO) dayanır.
Dövlətlə əməkdaşlıqda prototiplər hazırlanır
Texnologiyası 10 illik fasiləsiz enerji verir
Strategiyası unikal, investorları isə ciddi yatırım edən şirkətlərdir. Bu səhm “ya böyük dəyişiklik ya da sıfır qazanc” kateqoriyasındadır. Risklidir, amma potensialı qeyri-adi dərəcədə böyükdür.
Bu 5 şirkət bir çox baxımdan fərqlidir. Amma onların hamısında ortaq bir cəhət var – onlar sabahın texnologiyasını bu gün qururlar. Bəziləri artıq liderdir, bəziləri isə yeni başlayır. Amma bir şey dəqiqdir: əgər gələcəyi axtarırsansa, bu adları diqqətlə izləməyə dəyər.
Fikirlərini və suallarını yaz, bərabər öyrənək !